Müdafiə naziri xidməti müşavirə keçirib

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də iştirakı ilə xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Silahlı Qüvvələr Günü münasibətilə müşavirə iştirakçılarına təbriklərini çatdıran nazir Zakir Həsənov hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin imzaladığı Sərəncamın Ordumuzun bütün şəxsi heyəti tərəfindən dərin minnətdarlıq hissi və böyük ruh yüksəkliyi ilə qarşılandığını vurğulayıb. Nazir dövlətimizin bu sahədə gördüyü işlərin davamlı olacağından əminliyini ifadə edib.

General-polkovnik Zakir Həsənov qoşunların təmas xəttində əməliyyat şəraitinin ciddi nəzarətdə saxlanılması, şəxsi heyətin sayıqlığının artırılması və təhlükəsizliyinin təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslər qarşısında tapşırıq qoyub. Nazir, həmçinin hava şəraitini nəzərə alaraq şəxsi heyət arasında istilik və günvurma hallarının qarşısının alınması, onların sağlamlığına diqqətin artırılması və hərbi hissələrdə yanğın təhlükəsizliyi tədbirlərinin görülməsi barədə də göstəriş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə