Naxçıvanda gənc kadrların işlə təmini diqqətdə saxlanılır

“Sabahın müəllimi” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələri ilə görüş keçirilib. Məzunlar ümumtəhsil məktəblərində vakant müəllim yerləri ilə tanış ediliblər. SİA xəbər verir ki, universitetin prorektoru, dosent Rafiq Rəhimov çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, müəllim təcrübəsinin paylaşılması və məzunların işlə təmin edilməsindən ibarət olan yeni layihə muxtar respublikada innovativ təcrübəli müəllim kadrların hazırlanmasına müsbət təsir göstərəcək.

Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov qeyd edib ki, “Sabahın müəllimi” layihəsinə uyğun olaraq muxtar respublikada gənc kadrların işlə təmini diqqətdə saxlanılır. “Naxçıvan Muxtar Respublikasında müəllimlərin ümumtəhsil müəssisələrinə işə qəbul qaydaları”na əsasən bu proses müsabiqə yolu ilə həyata keçirilir.

Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələrinə slaydlar vasitəsilə muxtar respublikanın ümumtəhsil məktəblərində olan vakant müəllim vəzifələri, müəllimlərin ümumtəhsil müəssisələrinə işə qəbul qaydaları, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər haqqında geniş məlumat verib. O, muxtar respublikanın bütün bölgələrində gənc kadrlar üçün yaradılan şəraitə, müəllim əməyinə verilən yüksək qiymətə və göstərilən qayğıya görə həmkarları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə