BERNAMA agentliyi Azərbaycan barədə yazır

Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən 28 May - Respublika Günü və diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə keçirilmiş rəsmi qəbulla əlaqədar BERNAMA agentiliyi “Səfir: Azərbaycan Malayziya ilə sıx əməkdaşlığa böyük əhəmiyyət verir” başlıqlı məqalə dərc edib. AZƏRTAC xəbər verir ki, məqalədə səfir Q.Allahverdiyevin rəsmi qəbulda etdiyi çıxış geniş işıqlandırılıb.

Səfirin Azərbaycanın Malayziya ilə dostluq, qarşılıqlı anlaşma və etimad şəraitində sıx dialoq və əməkdaşlığa böyük əhəmiyyət verdiyini, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirdiyi, birgə səylərlə xalqlarımızın firavanlığı naminə mövcud imkanlardan səmərəli istifadə olunacağına əminlik ifadə etdiyi diqqətə çatdırılıb.

2018-ci ildə Azərbaycan ilə Malayziya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olduğu, ötən dövrdə iki ölkə arasında dostluq münasibətlərinin daha da gücləndiyi, qarşılıqlı maraq kəsb edən sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətli dərəcədə inkişaf etdiyi məqaələdə xüsusi qeyd olunub. Azərbaycan hökumətinin Malayziyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyi vurğulanıb.

2019-cu ildə Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd edildiyi və bunun Azərbaycan tarixində mühüm hadisə olduğunu vurğulayan Q.Allahverdiyev Azərbaycan Prezidentinin 2007-ci il 24 avqust tarixli Sərəncamı ilə 9 iyul tarixinin Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü elan edildiyini diqqətə çatdırıb.

Azərbaycan diplomatiyasının zəngin tarixi barədə məlumat verən səfir orta əsrlərdə Azərbaycan dövlətlərinin, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin uğurlu xarici siyasətindən bəhs edib.

Məqalədə 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın milli mənafelərimizin qorunmasına xidmət edən müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasət həyata keçirdiyi, bütün dövlətlər və beynəlxalq təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurmaq əzmində olduğu qeyd edilib. Müstəqil Azərbaycanın xarici siyasətdə böyük uğurlar əldə etdiyi, beynəlxalq münasibətlər sistemində rolunun davamlı olaraq gücləndiyi vurğulanıb, ölkəmizin regional əməkdaşlığı təşviq edən irimiqyaslı layihələrdə iştirakından bəhs edilib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasının və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpasının xarici siyasətimizin prioritetlərindən olduğu qeyd olunub.

Məqalədə çoxsaylı qonaqların qatıldığı rəsmi qəbulda Malayziya hökumətini Plantasiya Sənayesi və Əmtəə nazirinin müavini Şamsul İskandar bin Haci Mohd Akinin təmsil etdiyi diqqətə çatdırılıb. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman dünyasında ilk demokratik dövlət, Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olduğu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...