Ağgöl Milli Parkına direktor vəzifəsini tutmaq üçün müsahibə keçirilib - FOTOLAR

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ağgöl Milli Parkına direktor vəzifəsinə işə qəbul üzrə müsahibə təşkil olunub. SİA-nın məlumatına görə, müsahibə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və Zoologiya İnstitutunun mütəxəssislərindən ibarət komissiya tərəfindən təşkil olunub.

Nazirliyin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə jurnalistlərə bildirib ki, bu günə qədər Milli parklara direktorluğa namizədliklə bağlı 30-a yaxın müraciət daxil olub: “Bu gün Ağgöl Milli Parkında direktor vəzifəsinə vakant yer var. İndiki müsahibədə kriteriyalara cavab verən namizəd Ağgöl Milli Parkına direktor təyin olunacaq. Müsahibənin nəticəsi bu gün və ya sabah qiymətləndirmə aparıldıqdan sonra açıqlanacaq. Eyni zamanda, bu gün müsahibə mərhələsində iştirak edən və kriteriyalara cavab verən digər namizədlərin də adları Nazirliyin kadr bazasına daxil ediləcək. Milli parklarda direktor vəzifəsinə vakant yerlər olduqda isə həmin namizədlərə müraciət olunacaq”.

Müsahibə iştirakçısı Bulud Quliyev müsabiqə barədə mətbuatdan məlumat aldığını bildirib: ''Nazirliyin milli parklara direktor vəzifəsinə vakant yerlərin olması barədə elanla tanış oldum və sənədlərimi təqdim etdim. Bu gün də müsahibə üçün Ağcabədi rayonundan gəlmişəm. Uzun illər icra hakimiyyətində işləmişəm. Ağgöl Milli Parkının flora və faunasına da bələdəm. Əgər müsahibədən keçsəm, nazirliyin, dövlətin qarşımıza qoyduğu məsələlərin həyata keçirilməsinə var qüvvəmlə çalışacağam. Müsahibədə iştirak etdim və müsahibənin şəffaf və demokratik şəkildə keçirilməsindən razı qaldım''.

Müsahibənin yeganə qadın iştirakçısı Sevil Məmmədli də müsabiqə barədə internetdən məlumat aldığını deyib: "İstərdim ki, milli parklarda direktorlardan bir neçəsi qadın olsun və öz bacarıqlarını sübut etsinlər. Eyni zamanda seçiləcək namizəd biologiya sahəsində çalışan mütəxəssis olsun. Həmçinin o, Azərbaycanı tanıtmaq, nümayiş etdirmək üçün milli parkı təmsil edə bilmək qabiliyyətində olsun''.

Qeyd edək ki, may ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi milli parklara direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...