Lənkəranın meyvə bağlarında nektarin, ərik yığımına başlanıb

Son illərdə Lənkəran rayonunda sitrusçuluqla yanaşı, digər meyvə sahələrinə də diqqət artırılıb. Bir neçə gündür ki, rayonda meyvə yığımına başlanılıb. SİA-nın məlumatına görə, rayonunun Bürcəli kəndində 52 hektar sahədə tezyetişən meyvə bağları salınıb. Mart ayında çiçəkləmə dövründə intensiv yağışlar tozlanmaya mənfi təsir etsə də, aparılan müvafiq tədbirlər öz müsbət nəticəsini göstərib. Bundan başqa, bağlarda il boyu lazımi aqrotexniki qulluq göstərilib, xəstəlik və zərəvericilərə qarşı mübarizə tədbirləri görülüb. Meyvənin növündən asılı olaraq bir ağacdan orta hesabla 120-130 kiloqram məhsul yığılır.

Ümuni sahənin 30 hektarı nektarin və şaftalı ağacları olan bağda bir neçə gündür sözügedən meyvələrin, eyni zamnda əriyin yığımı aparılır. İndiyədədək 15 tona yaxın məhsul tədarük edilib ki, bunun 1 tonunu ərik təşkil edir.

Tədarük olunan meyvələr Bakının və ölkəmizin digər bazarlarında satışa çıxarılır.

Yaxın günlərdə isə təsərrüfatda gilas, daha sonra gavalı, armud, sonra isə heyva yığımına başlanacaq.

Qeyd edək ki, bu mövsüm bağlardan 150 tondan çox meyvə tədarükü gözlənilir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə