Əqli Mülkiyyət Agentliyində şagird və tələbələrlə görüş keçirilib

Əqli Mülkiyyət Agentliyində Avrasiya Patent Təşkilatı (APT) tərəfindən keçirilmiş “Gələcəyə baxış” Avrasiya Patent Universiadasında qalib seçilmiş şagird və tələbələrlə görüş keçirilib. Agentlikdən SİA-ya veilən məlumatına görə, tədbiri giriş sözü ilə açan Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan islahatlar, elm, təhdil, mədəniyyətə dövlət qayğısını vurğulayaraq Universidadanın keçirilmə qaydaları haqqında məlumat verib.

O, qeyd edib ki, Əqli Mülkiyyət Agentliyinin təşəbbüsü nəticəsində ölkəmizin bir sıra orta ümumi təhsil məktəblərinin şagirdləri və ali təhsil müəssisələrinin tələbələri iştirak ediblər, 30-dan çox müəllifin layihələri Universiadanın Təşkilat Komitəsinə göndərilib.

Universiadanın nəticələrinə görə, birinci yaş kateqoriyası (10 yaşdan - 17 yaş daxil olmaqla) üzrə Təhsil Nazirliyinin tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Cəmilə Əlizadə və Ələsgər Tarverdiyevin “Su anbarlarının suyunun təmizlənməsi üçün bioplatonun tətbiqi” layihəsi münsiflər heyəti tərəfindən qalib elan edilib. Bundan əlavə, həmin yaş kateqoriyası üzrə Bakı şəhəri 7 nömrəli tam orta məktəbin şagirdi Fidan Həsənzadənin “Dizel yanacağının qələvi təmizlənməsinin tullantılarından naften turşularını ayırmaq üçün üsul”, Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin şagirdləri Taleh Əliyev və Zərifə Əhmədzadənin “Neft hasilatının yeni əmsalının sintezi”, Ləman Əliyeva və Filipp Bakaldinin “Pilotsuz hava aparatları üçün paraşüt”, Həmid Səlimov, Aybəniz Əhmədova və Timur Kaləyevin “Piezoelektrik anti-buzlanma sistemi” mövzusunda layihələri də yüksək yerə layiq görülüb. Eyni zamanda ikinci yaş kateqoriyası (18 yaşdan - 25 yaş daxil olmaqla) üzrə isə Sumqayıt Dövlət Universitetinin tələbələri Seymur Talıbov və Tayfun Hacıyevin “CAD/CAM əsasında köhnə model avtomobillərinin yenidən qurulması üçün çevik istehsal modulu” mövzusunda layihəsi də Universiadanın mükafatçıları sırasına daxil edilib.

S.Tapdıqov qalibləri və mükafatçıları təbrik edib, onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Akademik Zərifə Əliyeva adına liseyin biologiya müəllimi Natalya Qurbanova, Bakı şəhəri 7 nömrəli tam orta məktəbin müəllimi Almarə Hümbətova, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, Sumqayıt Dövlət Universitetinin professoru Cavanşır Məmmədov layihələrin Universiadanın Təşkilat Komitəsinə göndərilməsi işinin təşkilatçılığına görə Əqli Mülkiyyət Agentliyinə təşəkkür ediblər, gənclərin bu uğurlarının onlarda fərəh hissi oyatdığını və gələcəyə nikbin ümudlər yaratdığını diqqətə çatdırıblar.

Daha sonra çıxış edən şagird və tələbələr layihələrinin hazırlanması prosesi haqqında qısa məlumat veriblər və Universiadanın mükafatçıları bu müsabiqədə iştirakın çox maraqlı olduğunu və onlarda elmə daha böyük həvəs oyatdığını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə