"Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanır" MÖVQE

"Ötən gün cənab Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında bir sıra sərəncamlar imzaladı. Bu isə Azərbaycanda sosial sahədə atılan inqilabi addımların növbəti mərhələsinin başlandığına işarə idi". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir: "Təsadüfi deyildir ki, ötən il seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub. Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən bir il ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. Cənab İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Həmçinin, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da minlərlə məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir. Bu il 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıran Fərman oldu. Bütün bunlar Azərbaycanda həyata keçirilən böyük sosial islahatlar paketinin birinci mərhələsinə aid idi. Ötən gün imzalanmış sərəncam isə ikinci mərhələnin başlanğıcı oldu".

"Azərbaycada əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər bu gün də davam etdirilir. Məhz, Prezident İlham Əliyevin imzaladığı sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir. Ötən gün imzalanmış sərəncamlar insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir" - deyən Sədaqət Vəliyeva əlavə edib ki, sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə