Prezident İlham Əliyevdən sosal sahədə növbəti inqilabi addım - TƏHLİL

Dövlət başçısı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə növbəti sosial paketi təsdiq etdi

Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları son bir ildə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Dövlətimizin başçısının seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilir. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev xalq ilə daim təmasda olur, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir.

Qeyd edək ki, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir. Təsadüfi deyildir ki, seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub.

Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən bir il ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. Cənab İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu.

Bu ilin fevral ayının sonlarında imzalanan Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da minlərlə məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir. Həmçinin bu il 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıracaq Fərman oldu. Dövlətimizin başçısı tərəfindən imzalanan daha bir Fərmanla isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyi təmin olundu. Dövlət başçısının bir Fərmanına görə, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin 80 manat məbləğində təqaüdü təsis olundu.

Göründüyü kimi, son bir ildə sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Əlbəttə ki, Azərbaycada əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər bu gün də davam etdirilir. Məhz, Prezident İlham Əliyevin imzaladığı sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirləri növbəti mərhələsidir. Ötən gün imzalanmış sərəncamlar insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir.
Belə ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması nəzərdə tutulur.

Onların sırasına Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər və digər işçiləri daxildir.

Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılmasını təmin etmək tapşırılır.

Həmçinin Nazirlər Kabinetinə tapşırılır ki, qeyd edilən rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etsin.

Göründüyü kimi, dövlət başçısının yeni sosial paketi əhalinin rifahına ciddi dəstək tədbirlərinin uğurla davam etməsinə, nəticə etibarilə əhalinin rifah halının yüksəldilməsi sahəsində ardıcıl irəliləyişlərin reallaşdırılmasına imkan verir.

"SƏS" Analitik Qrup

Bütün xəbərlər Facebook səhifəmizdə