TBMM-in vitse-spikeri Bakı Atatürk Liseyində olub

Xəbər verildiyi kimi, Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiçin başçılıq etdiyi nümayəndə heyəti ötən həftə ölkəmizdə səfərdə olub. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən türkiyəli qonaqlar, eyni zamanda, bir sıra görüşlər keçirib, Azərbaycan Respublikası Milli Məclisinin təşkilatçılığı ilə reallaşan regional təhlükəsizlik və əməkdaşlıq üzrə parlament konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransında iştirak ediblər.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiçin başçılıq etdiyi və tərkibinə türkiyəli millət vəkilləri Təkin Bingöl, Yaşar Karadağ, Mustafa Hilmi Dülger, İsmail Bilen, Receb Uncuoğlunun daxil olduğu nümayəndə heyəti səfər çərçivəsində Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Bakı Atatürk Liseyində də olublar.

TDAV başqanı Közhan Yazqan və Liseyin müdiri Eylem Gültəkin bu təhsil ocağı haqqında qonaqlara ətraflı məlumat veriblər.

Öz növbəsində Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən təhsil sahəsində uğurla inkişaf etdiyini bildirən Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Süreyya Sadi Bilgiç bir zamanlar onun da müəllimi olmuş TDAV-ın qurucu başqanı Turan Yazqanın yadigarı olan Bakı Atatürk Liseyinin bundan sonra da uğurlu fəaliyyət göstərməsi üçün lazım olan dəstəyin göstəriləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə