Xəzər rayonunda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

15 İyun - Milli Qurtuluş Günü münasibətilə bu gün Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və Xəzər Rayon İcra Hakimiyyəti birgə tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər RİH-nin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının ilk partiya təşkilatlarının sədrləri və idarə heyətinin üzvləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov qeyd edib ki, Azərbaycanın müstəqilliyinin, inkişafının əsasında 15 iyun Qurtuluş Günü dayanır. Bu nəaliyyətlərin əldə olunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə inkişaf, tərəqqi və dirçəliş baş vermişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin siyasəti uğurla davam etdirilir.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon təşkilatının siyasi şurasının üzvü Zeynəb Əliyeva, Milli Məclisin deputatı Rauf Əliyev çıxış ediblər. Çıxış edənlər 15 iyun Qurtuluş Gününün tarixindən, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınmasından, Dövlət strukturlarını yaratmasından, Azərbaycanı beynəlxalq aləmdə tanıtmasından, Azərbaycanın inkişafı üçün müstəsna əhəmiyyət daşıyan Əsrin Müqaviləsinin bağlanmasından danışıblar.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıtması xalqımızın tarixinə taleyüklü əhəmiyyət daşıyan siyasi hadisə kimi daxil olub. Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin siyasətini uğurla davam etdirərək hazırda Azərbaycanın sürətlə, hərtərəfli inkişaf edən ölkələrdən birinə çevrildiyini qeyd ediblər. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, müdrik və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək və qarşıya qoyulmuş bütün vəzifələr layqiqincə yerinə yetiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...