Qurtuluşumuz bugünkü növrağımıza çevrilib

Hər bir xalqın tarixində elə məqamlar var ki, onu nə unutmaq olur, nə də üstündən xətt çəkmək. Çünki həmin tarix xalqın xilasıdır, xalqın qurtuluşudur, xalqın özünə dönüşüdür. Bax, bu mənada biz bir xalq olaraq, bir məmləkət olaraq tariximizin şanlı səhifələrini göz önünə gətirəndə təbii ki, öncə yada düşən məqamlardan biri də məhz Qurtuluş günümüz olub.

Qurtulmaq, xilas olmaq hardasa bir şəxsə şamil edilir. Xalqı, məmləkəti xilas etmək böyük, müdrik, dahi, bəşəri insanların gücünə, mübarizəsinə, istedadına aid olan anlamdır. Bax, bu mənada biz məhz Ümummilli Liderimizin önə çıxması, hadisələrin axarını öz iradəsinə tabe etmək qüdrəti sayəsində artıq fərdi şıəkildə deyil, xalq olaraq, dövlət olaraq qurtulduq, xilas olduq. Qardaşın qardaşa, bölgənin bölgəyə, ayrı-ayrı qrupların bir-birinə qarşı qoyulduğu bir məqamda məhz Ümummilli liderimiz öz qətiyyəti ilə Azərbaycanı fəlakətlərdən qurtardı. Məhz həmin qurtuluşun işığında müstəqil Azərbaycanın həyatında köklü dəyişikliklərin əsası qoyuldu. Belə ki, daxili çəkişmələrdən, tarix səhnəsindən silinmək təhlükəsindən, bir dövlət kimi parçalanmaq faciəsindən qurtulmuş Azərbaycanda həyatın və inkişafın yeni səhnəsi başlandı.

Ulu Öndərimiz qurtulmuş Azərbaycan üçün yeni iqtisadi, strateji siyasətin istiqamətlərini müəyyənləşdirdi. Ölkədə startı verilmiş islahatlar insanların ümid çıraqlarını yandırdı. Artıq kənd rayonlarında gerçəkləşdirilməsi başlanan torpaq islahatları aqrar sahəyə yeni nəfəs gətirdi.

Aqrar sahə ilə yanaşı, sənayenin də inkişaf etdirilməsinə xarici kapitalın cəlb edilməsi öz sözünü dedi. Çox qısa bir zamanda imzalanan neft kontraktları, sənayenin ayrı-ayrı sahələrinə qoyulan investisiyalar artıq Azərbaycan insanının həyatında köklü dəyişikliklərə səbəb oldu. Ümumiyyətlə, təsərrüfat sahələri ilə yanaşı, mədəniyyət, təhsil, səhiyyə sektorlarında da gerçəkləşdirilən islahatlar artıq Azərbaycanı "ölü” nöqtədən tərpədərək onu yeni uğurlu istiqamətə olan inkişafının mərhələlərini cilalamağa başladı.

Məhz Ulu Öndərimiz Heydər Əliyev cənablarının iqtisadi, siyasi kursunun layiqli davamçısı, ölkə prezidenti cənab İlham Əliyevin müəyyənləşdirilmiş kursu cəsarətlə davam etdirməsi sayəsin də fəlakətdən qurtulmuş Azərbaycan regionda söz sahibinə çevrildi, ölkəmizin artan nüfuzu onun səsini daha ali tribunalardan, beynəlxalq təşkilatların kürsülərindən yüksəlməsinə imkan verdi.

Bu gün dünyanın ən qüdrətli dövlətləri ilə paralel mövqe tutan, ən nüfuzlu təşkilatlarda söz sahibi olan ölkəmiz özünün uğurlu daxili, xarici siyasətilə nüfuzunu günbəgün artırmaqda davam edir, ölkə əhalisinin rifahı yüksəlir. Ən böyük problemimiz olan Qarabağ məsələsinin çözümü istiqamətində Azərbaycanın sözü daha çox eşidilir. Bütün bunların hamısının da özülündə xilaskarımız, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu və bir də bu kursu gerçəkləşdirən Prezident İlham Əliyevin iradəsi dayanır.

Bəli, biz qurtuluşumuzu bugünkü növrağımıza çevirə bilmişik. Deməli, bu qurtuluş hamımızın və bütövlükdə Azərbaycanımızın xilas bayramıdır. Bayramımız mübarək!

Cavanşir Pazaşadə,
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə