Nabran bələdiyyə ərazisindəki çimərliklər istifadəyə yararsızdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri çimərlik mövsümünün başlanması ilə əlaqədar ölkənin şimal və cənub bölgələrinin çimərlik ərazilərində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürüb, mikrobioloji təhlillər aparıblar. Analizlərin nəticələrinə görə Xaçmaz rayonu Nabran bələdiyyə ərazisinin dəniz suyu mikrobioloji baxımdan çirkli olduğu üçün çimərlik üçün yararsızdır. Lakin Xaçmazın Yalama, Seyidlər və İstisu bələdiyyələrinin çimərlik ərazilərinin dəniz suyunda bioloji çirklənmə norma daxilində olduğu üçün çimərliyə yararlı hesab olunur. SİA xəbər verir ki, bu sözləri nazirliyin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov iyunun 12-də keçirilən mətbuat konfransında deyib.

İdarə rəisi bildirib ki, cənub bölgəsindəki çimərlik ərazilərindən götürülən su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə Lənkəran və Astara rayonlarının inzibati ərazisinə məxsus çimərliklər istifadəyə yararlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə