DSX Hərbi Hospitalının rəisi beynəlxalq konqresdə çıxış edib

Beynəlxalq Hərbi Tibb Komitəsinin cari ilin may ayının 19-24 tarixlərində İsveçrənin Bazel şəhərində keçirilmiş 43-cü Konqresində ölkəmizi Dövlət Sərhəd Xidməti hərbi hospitalının rəisi, Azərbaycan Respublikasının əməkdar həkimi, tibb xidməti polkovniki Kənan Yusifzadə təmsil edib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, konqresdə "Hərbi tibb və cərrahiyyə döyüş meydanında” bölməsində professor Kənan Yusif-zadə "Bir tibb müəssisəsinin idarə olun-masında hərbi və mülki təşkilatların optimal inteqrasiyası: Azərbaycan modeli” mövzusunda çıxış edib. Çıxışda DSX hərbi hospitalının nümunəsində Respublikada hərbi və mülki tibbi təşkilatların qarşılıqlı fəaliyyəti, hərbi və mülki tibbi doktrinanın resurslarından səmərəli istifadə edilməsi, tibbi xidmətlərin göstərilməsi və idarə edilməsi təcrübəsi haqqında geniş məlumat verilib.

Konqres çərçivəsində Fransa, Almaniya, İsveçrə, ABŞ və digər ölkələrdən olan tibb mütəxəssisləri ilə maraqlı fikir mübadiləsi aparılıb, İsveçrənin kimyəvi və bioloji müdafiə üzrə Federal İnstitutuna və İsveçrə Silahlı Qüvvələrinin əczaçılıq mərkəzinə tanışlıq səfərləri edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə