"Xalqımızın tarixində çətinliklər də, faciələr də, qələbə və yüksək zirvələr də var" Nazir

"Hər bir xalqın tarixində qələbələr də var, yüksək zirvələr də var, böyük çətinliklər və faciələr də var. Heç də hər muzey, hər məkan yalnız qəhrəmanlıq nümunələri əks etdirməməlidir. Elə məkanlar vardır ki, orada xalqın əziyyətini, xalqın ağrısını ifadə etmək qərarlı olan ekspozisiya insanların daha böyük qəhrəmanlığa çağırır, daha böyük zirvələri fəth etməyə onlara təkan verir. Hesab edirəm ki, bu gün açılan muzey məhz bu kateqoriya muzeylərə aiddir". Bunu mədəniyyət naziri Əbülfəs Qarayev Dövlət Sərhəd Xidməti aparatının inzibati binasında “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan xalqının faciəsi ondan ibarət idi ki, onun daim böyük, yaradıcı, çox böyük fəlsəfə daşıyan insanlarının sayı çox idi: "Totalitarizm rejiminin sıx çərçivəsi içində onların yaşaması həm bu rejimin ideologiyasına, həm də onların mənəviyyatına uyğun gəlmirdi və sığışmırdı. Odur ki, mən bu faciə, bu repressiyaya məruz qalmış insanların sırasında böyük ədiblərin, böyük şəxsiyyətlərin, böyük ziyalıların adları daha çox üstünlük təşkil edir. Hər bir dövlətin bacarığı və qüdrəti ondan ibarətdir ki, öz keçmişinə baxıb, onun layiqli xatirəsinə ləyaqətlə yanaşsın, qiymət versin, eyni zamanda öz faciələrini etiraf etməyə özündə güc tapsın. Ulu Öndər Heydər Əliyevin gücü və böyüklüyü məhz ondan ibarət idi ki, o, bütün öz keçdiyi yola nəzər salaraq, bu faciənin dərinliyini çox yaxşı bilirdi. O, özündə güc tapıb, dövlət rəhbəri işləyərkən maksimum çalışdı ki, bu vaxtı ilə tariximizdən, yaddaşımızdan silinmiş adlar xalqımıza qayıtsın və yenə də ulduz kimi parlaq işıq salsınlar. Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Azərbaycana, Naxçıvana gətirilməsi, onun məqbərəsinin açılışında şəxsən onun iştirakı və dediyi sözlər buna əyani sübutdur".

Ə.Qarayev əlavə edib ki, bu gün hörmətli Prezident İlham Əliyevin xeyir-duası əsasında bu muzey açılır: "Bu muzey canlı muzey olmalıdır, bu yalnız nümayiş olunan şəkillərdən ibarət olmamalıdır. Bu muzey daim yaddaşımızda yaşamalıdır. Buraya təhsil ocaqlarının nümayəndələri gəlməlidirlər, gənclərimiz gəlməlidir.
Bu muzeyin ən əsas verəcəyi nəticə ondan ibarət olmalıdır ki, heç vaxt Azərbaycan xalqı kiməsə imkan verməsin ki, hər hansı bir ideologiyaya görə belə qurbanlara məruz qalsın. Bu muzeyin verdiyi nəticə, hissiyyat bundan ibarətdir. Mən tam əminəm ki, ölkəmizin qüdrəti, ölkəmizin gücü, ölkəmizin gəncliyi və gələcəyi heç vaxt buna bir daha yol verməyəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə