Qazaxda oxla öldürülmüş insan sümükləri tapılıb

Qazax rayonunda arxeoloji tədqiqatlar zamanı oxla öldürülmüş insan sümükləri tapılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, arxeoloji qazıntılar yeni inşa olunan Gəncə-Qazax-Gürcüstan magistralının Qazaxbəyli kəndi ərazisindən keçən hissəsində aparılıb.

Burada Son Tunc və Erkən Dəmir dövrünə aid çoxlu sayda maddi-mədəniyyət nümunələri və arxeoloji materiallar aşkarlanıb. Bundan başqa, ərazidə aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərinə aid 5 qədim qəbir aşkarlanıb. Həmin qəbirlərdə olan sümüklər oxla öldürülmüş insanın sümükləridir. Əksər qəbirlərdə ox hələ də sümüyə sancılı vəziyyətdə qalıb. Ərazidən, həmçinin daşdan hazırlanan əmək alətləri, gil qablar, müxtəlif materiallardan olan muncuqlar, dəmir ucluqlu ox başlıqları, xəncərlər, nizə ucluqları da aşkar edilib.

Qəbirlərdə tapılan insan sümüklərinin bəziləri deformasiyaya uğrasa da, arxeoloqlar tədqiqat işlərini davam etdirirlər. Qazıntı zamanı sümüklərin yerli əhaliyə aid olduğu məlum olub.

Qeyd edək ki, "Əziztəpə" adlandırılan abidənin ərazisi 3 hektara yaxın sahəni əhatə edir. Lakin yol dəhlizinə düşən hissədə aparılan tədqiqatlar nəticəsində bu abidənin yalnız bir hissəsi öyrənilib. Abidənin gələcəkdə kompleks şəkildə öyrənilməsi üçün işlər davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə