Aİİ rektoru beynəlxalq simpoziumda iştirak edib FOTOLAR

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov 20-21 may 2019-cu il tarixdə Rusiya Federasiyası Moskva şəhəri Rusiya Xalqlar Dostluğu Universitetində təşkil olunan “Müasir beynəlxalq təhsil və elmi müstəvidə ilahiyyat: subyektlər, kurrikula, səlahiyyətlər” mövzusunda II Beynəlxalq Simpoziumda iştirak edib. SİA-nın verdiyi məlumata görə, C.Məmmədov "Azərbaycanda din təhsili: reallıqlar və perspektivlər" mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanda din təhsili tarixindən ətraflı danışaraq, qədim dövrlərdən müxtəlif mədrəsələrin fəaliyyəti, alimlərin İslam mədəniyyətinə bəxş etdiyi töhfələr, müasir dövrdə ölkəmizdə din təhsilinə və dini maariflənmə işinə göstərilən diqqət və qayğı barədə məlumat verib. Bildirib ki, bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da din təhsili və dini tədris müəssisələrinin yaranması İslamın bu bölgədə yayıldığı ilkin dövrlərə təsadüf edir. Bu, İslamın elmə və biliyə verdiyi yüksək dəyərlə bağlı idi.

C.Məmmədov müstəqil Azərbaycanda dövlət-din münasibətlərindən söz açaraq, ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra, sözügedən sahəyə diqqət və qayğının artırılmasından bəhs edib. Vurğulayıb ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hazırda bu nəcib missiyanı böyük uzaqgörənliklə və uğurla davam etdirir: “Azərbaycan İlahiyyat İnstitutu da məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində yaradılıb”.

Rektor C.Məmmədov Aİİ-nin yaranma məqsədi, fəaliyyət istiqamətləri, tədris prosesi, beynəlxalq əlaqələri haqqında söhbət açıb. Nəzərə çatdırıb ki, İnstitut xarici təcrübənin öyrənilməsinə, qarşılıqlı mübadilənin aparılmasına xüsusi əhəmiyyət verir. Bu məqsədlə müsəlman və qeyri-müsəlman ölkələrinin tədris proqramları öyrənilir, müxtəlif dünya universitetləri ilə əməkdaşlıq qurulur.

Aİİ rəhbəri səfər çərçivəsində Rusiya Xalqlar Dostluğu Universiteti Humanitar və sosial elmlər fakültəsinin tələbələrinə “Azərbaycanda dinlərin tarixi” mövzusunda mühazirə oxuyub. Müxtəlif vaxtlarda çoxsaylı etnik və dini qrupların Azərbaycanda məskunlaşması, mövcud olan multikultural və tolerant mühit barədə məlumat verib. Bildirib ki, əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslam dini ilə yanaşı, fərqli dinlərə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayır. Ölkəmizdə tarixən mövcud olan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı edib. Azərbaycanda dövlət-din münasibətlərindən və bu sahəyə göstərilən qayğıdan bəhs edən rektor müstəqillik illərində dini ibadət yerlərinin, məscid, kilsə və sinaqoqların sayının sürətlə artmasını diqqətə çatdırıb. Bu faktlar ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsinə, bütün dinlərin sərbəst fəaliyyət göstərməsinə xüsusi diqqət yetirildiyinin bariz nümunəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə