Xınalıq istiqamətində yeni avtomobil yolu inşa edilir FOTO

Təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi ölkənin cəlbedici turizm marşrutlarından olan, 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) SİA-ya verilən məlumata görə, Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından yolun tikintisinə zərurət yaranıb. Belə ki, 24 km uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolu yenidən tikilir.

Əhalinin rahat gediş-gəlişinin təmin edilməsi və turizmin inkişafının vacibliyi nəzərə alınaraq dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işlərinə start verilib. Tikinti işlərinə respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində başlanılıb. Susay-Xınalıq avtomobil yolunun sözügedən hissəsinin uzunluğu 24 km təşkil edir.

Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir.

Yolun Alpan kəndi ərazisindən keçən hissəsində təqribən 8 km-lik ərazidə müəyyən işlər görülərək iri dənəli asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. 2 ədəd suötürücü boru quraşdırılıb. Ümumilikdə isə yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulur.

Bundan başqa Alpan-Kürkün-Susay avtomobil yolunda 1 düzbucaqlı su keçidi və 2 körpü inşa ediləcək. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğunda olacaq. Artıq tikiləcək 1 dəmir-beton körpünün svayların vurulması işlərinə başlanılıb.

Layihənin növbəti mərhələsində isə Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 km uzunluğunda Susay-Qalaxudat-Xınalıq, həmçinin sözügedən yoldan 4.8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisi işlərinə başlanılacaq. Beləliklə həyata keçirilən yeni yol infrastrukturu layihəsinin ümumi uzunluğu 58.8 km təşkil edəcək.

Layihə boyu sel sularını və yığılmış yağış sularının yol yatağından kənarlaşdırılması üçün müxtəlif diametrlərə malik 19 dairəvi suötürücü dəmir-beton boruların quraşdırılması nəzərdə tutulub.

Xınalıq kəndi istiqamətində yeni avtomobil yolunun tikintisinin 2020-ci il ərzində yekunlaşdırılması planlaşdırılır.

Yolun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirir. Bu da sərnişin və yükdaşımasının xeyli yaxşılaşmasına imkan verəcək. Bundan başqa, yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə