Azərbaycanın beynəlxalq nüfuzu möhkəmlənir

Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, bir əsrdən artıq zaman keçir. 101 il bundan öncə, Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirdi. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, bu zaman məsafəsində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm mərhələnin əsasını qoydu. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. XX əsrin əvvəlində Azərbaycan dövlətinin xarici siyasət prinsipləri formalaşdı və bu prinsiplər dostluq və əməkdaşlığa söykəndi. Bunlar Azərbaycan Milli Şurasının qəbul etdiyi İstiqlaliyyət Bəyannaməsində də əksini tapdı. AXC təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan Xalq Cümhuriyyəti, ilk dəfə olaraq, Azərbaycan adlı müstəqil dövlətin əsasını qoydu.

CƏNUBİ KAROLİNADA VƏ DÜNYANIN DİGƏR YERLƏRİNDƏ YAŞAYAN AZƏRBAYCANLILAR TƏRƏFİNDƏN MİLLİ GÜN OLARAQ QEYD EDİLƏCƏK

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bu şərəfli tarix ölkəmizdə 28 May Respublika Günü kimi qeyd edilir. Azərbaycanın bu tarixi hadisəsi dünya dövlətlərinin də diqqətindən kənarda qalmır. Belə ki, bu yaxınlarda ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə əlaqədar olaraq, rəsmi bəyannamə imzalayıb. Nebraska ştatının qubernatoru həmin günü Azərbaycan Günü elan edib. Bu günlərdə isə ABŞ-ın daha bir ştatının - Cənubi Karolina ştatının qubernatoru Henri MakMaster Azərbaycan Demokratik Respublikasının 101-ci ildönümü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar rəsmi bəyannamə imzalayıb. Bəyannamədə 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən, ABŞ tərəfindən tanınması qeyd olunur. Sənəddə, həmçinin, qeyd olunur ki, Azərbaycan Demokratik Respublikası müstəqil olduğu qısa müddət ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə qadınlara seçki hüququnun verilməsini təmin edib.

Eyni zamanda, sənəddə Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına baxmayaraq, onun Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Azərbaycanın, son 28 il ərzində, öz suverenlik və müstəqilliyini möhkəmləndirib və hazırda vacib əhəmiyyətli regionlardan olan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşı olduğu da bildirilir.

Bəyannamədə 2019-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi və Azərbaycan Demokratik Respublikasının 101 illiyinin qeyd olunması ilə əlaqədar mayın 28-də Cənubi Karolinada və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar tərəfindən Milli Gün olaraq qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı qeyd edilir.

Qubernator MakMaster imzaladığı bəyannamədə 2019-cu il 28 may tarixini Cənubi Karolina ştatında Azərbaycan Günü elan edir, Azərbaycan Respublikasına ən xoş arzularını çatdırır, ABŞ-da və dünyada yaşayan azərbaycanlıları bu bayramı qeyd etməyə çağırır.

AZƏRBAYCAN DÜNYANIN MARAQ DAİRƏSİNƏ ƏBƏDİ DAXİL OLDU VƏ GEOSİYASİ PLATFORMADA ÖLKƏMİZ GÜC VƏ NÜFUZ SAHİBİNƏ ÇEVRİLDİ

Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətə, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrinin qurulmasına nail oldu. Azərbaycan Prezidenti İlham Əliyev milli mənafelərlə bağlı problemlərin həllində həssas və fəal yanaşma nümayiş etdirdi. Azərbaycan dünyanın maraq dairəsinə əbədi daxil oldu və geosiyasi platformada ölkəmiz güc və nüfuz sahibinə çevrildi.

Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik-hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur hissi doğurur. Respublikamızda siyasi-iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Bu gün Azərbaycan, yerləşdiyi bölgədə əsas inkişaf məkanı olmaqla, nəhəng infrastruktur layihələrini icra edir, heç bir regional layihə Azərbaycanın iştirakı olmadan reallaşmır, ölkəmiz Avropanın enerji təhlükəsizliyində son dərəcə vacib faktora çevrilib.

Böyük çətinliklə əldə olunan azadlığı və müstəqilliyi qoruyub- saxlamaqda hər bir Azərbaycan vətəndaşı məsuliyyətlidir. Azərbaycan dövlətinin bayrağı daim dalğalanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bizim bayrağımız qürur mənbəyimizdir, canımızdır, ürəyimizdir: "Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır... Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan bayrağına! Yaşasın Azərbaycan!".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə