Heyvan düşərgələrində səyyar baytarlıq xidməti təşkil edilib

Mayın 22-də Siyəzən rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən heyvanların yaylaqlara aparılması ilə əlaqədar heyvan düşərgələrində “səyyar baytarlıq xidməti” təşkil edib. Baytarlıq Xidmətindən SİA-ya verilən məlumata görə, “Səyyar baytarlıq xidməti” göstərmək üçün ilkin olaraq çadır qurulub. Respublikamızda ilk dəfə yaylaq yolu üzərində qurulan “səyyar baytarlıq xidməti”nin çadırı lazımı baytarlıq preparatları, vaksinlər, müalicəvi dərman və dezinfeksiya vasitələri ilə təmin olunub.

Siyəzən rayonunun Sədan bələdiyyəsinin ərazisində yerləşən heyvan düşərgəsində təşkil olunan “səyyar baytarlıq xidməti”-nə Dövlət Baytarlıq Xidmətinin və Siyəzən Baytarlıq İdarəsinin baytar həkimləri cəlb olunub. Həkimlər düşərgədə olan heyvan sürülərinin sağlamlıq durumları ilə maraqlanıb və heyvanları yerindəcə baytarlıq baxışından keçiriblər. Tədbir keçirilən gündə Hacıqabul rayonunda yerləşən qışlaqlardan Quba rayonundakı yaylaqlara qalxan 3 qoyun sürüsü baytarlıq baxışından keçirilib. Heyvan sürülərinin sağlamlıq durumunun normal olması müəyyən edilib. Eləcə də burada heyvan sahibləri arasında maariflənmə və təlim işləri də aparılıb. Dövlət vəsaiti hesabına alınan baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “Satıla bilməz” sözləri yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiq edilməsi, baytarlıq preparatları və vaksinlərin istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə ətraflı söhbətlər aparılıb. Həmçinin keçirilən görüş və təlimlər çərçivəsində həm iti yoluxucu, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılıb, onlara xəstəliklər barədə bukletlər və bildirişlər təqdim edilməklə təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması, sürünün vəhşi heyvaların hücumundan qorunması ilə əlaqədar tövsiyələr verilib. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) barədə ətraflı məlumatlar verilib. Eləcə də heyvan sahiblərinə və çobanlara tövsiyə edilib ki, baytar həkimlərlə daim əlaqəli fəaliyyət göstərsinlər, təsərrüfatlarda heç bir problem yaranmasın.

“Səyyar baytarlıq xidməti”nin baxışından keçəndən sonra heyvan sürülərı yaylaqlara yola salınıb.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda ölkədə epizootiya əleyhinə tədbirlər davam etdirilir və epizootik vəziyyət sabitdir.

Bütün xəbərlər Facebook səhifəmizdə