Deputat Bolqarıstanda keçirilən tədbirdə iştirak edib FOTO

22 may 2019-cu il tarixdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə 28 may Respublika Günü münaslbətilə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, Milli Məclisin deputatı, Azərbaycan-Bolqarıstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Rauf Əliyev, Bolqarıstanın 1-ci vitse-prezidenti İliyana Yotova, Sofiyada fəaliyyət göstərən müxtəlif ölkələrin diplomatik korpusunun nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova və Bolqarıstanın 1-ci vitse-prezidenti İliyana Yotova çıxış edib. Nərgiz Qurbanova çıxışında Azərbaycan Respublikasının keçdiyi tarixi yoldan danışaraq 1918-ci ildə elan olunmuş Azərbaycan Xalq Cumhuriyyətinin Şərqdə ilk demokratik respublika olduğunu, 23 ay yaşamasına baxmayaraq Azərbaycan üçün böyük əhəmiyyət daşıyan işlər həyata keçirdiyini qeyd edib. O eyni zamanda son illərdə Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən və onun uğurlu nəticələrindən danışıb.

Səfir Azərbaycan-Bolqarıstan əlaqələrindən danışarkən bu əlaqələrin strateji xarakter daşıdığını, çoxtərəfli əməkdaşlığın sürətlə inkişaf etdiyini bildirib və bu əlaqələrin sürətlə inkişaf etməsində, möhkəmlənməsində iki dövlət başçısının qarşılıqlı səfərlərinin böyük əhəmiyyət daşıdığını qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə