AQTA əməkdaşları sahibkarlarla görüşüb Tovuzda

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir. Növbəti tədbir Tovuz və ətraf rayonlardan olan sahibkarlarla keçirilib. AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya bildirilib ki, görüşdə agentlik tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin sahibkarlara qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida məhsullarının, baytarlıq və fitosanitar nəzarətində olan yüklərin idxal-ixracına dair tələblər və bu sahədə dövlət nəzarətinin həyata keçirilməsi barədə geniş məlumat verilib.

Tədbirdə ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi kimi məsələlərin vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların problemlərinin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə