"Yaxın 10 il üçün Milli Meşə proqramı hazırlanıb" ETSN-də mətbuat konfransı

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, Nazirlik tərəfindən atmosfer havasının, torpağın, suyun, Xəzər dənizinin mühafizəsi, meşələrin inkişafı, biomüxtəlifliyin qorunması, təbii sərvətlərdən səmərəli istifadə edilməsi ilə bağlı müvafiq işlər görülür.

R.Səttarzadə bildirib ki, əsas problemlərimizdən biri Abşeron yarımadasındakı neftlə çirklənmiş ərazilərdir ki, onların təmizlənməsi istiqamətində işlər görülür: "Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafı, Yod-brom zavodunun ərazisi təmizlənərək yaşıllıqlar salınır, ərazi bərpa olunur. Çirklənmiş ərazilərin qiymətləndirilməsi, inventarlaşması işləri aparılır. Meşə sahələri artırılır, açıq sahələrdə aqrobağlar salınır, tez böyüyən ağac plantasiyaları yaradılır, kənd təsərrüfatına yararlı torpaq sahələrinin kənd təsərrüfatına təyinatı üçün istifadə olunması işləri görülür, yaxın 10 il üçün Milli Meşə proqramı hazırlanıb".

Şöbə müdiri qeyd edib ki, Bakı və Abşeronda 7 min hektar ərazidə yaşıllığın salınması üçün proqram hazırlanıb, magistral avtomobil yollarının kənarlarında aqrobağlar salınır, ağacəkmə aksiyaları keçirilir, əhaliyə ağac tingləri paylanılır: "Hədəflərimizə nohur balıqçılığı (akvakultura) və marikulturanın inkişafı daxildir, təbii və süni su hövzələrində sivil, müasir fermalar yaradılır, bununla bağlı dövlət proqramı hazırlanıb, balıqartırma müəssisələrinin daha effektiv işlənməsi üçün özəlləşdirilməsi işlərinə baxılır.
Tullantıların idarə olunması istiqamətində işlər görülür, əsasən plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması üçün cənab Prezident tərəfindən təsdiq olunmuş tədbirlər planı çərçivəsində ekoloji təbliğat, polietilen torbalardan istifadənin azaldılması, alternativ qablaşdırma materiallarına keçidin təşviq edilməsi, qanunvericiliyin təkmilləşdirilməsi, tullantıların çeşidlənməsi üçün konteynerlərin yerləşdirilməsi istiqamətində işlər görülür".

Bütün xəbərlər Facebook səhifəmizdə