“Müasir çağırışlar: dini durum və vəzifələr” KONFRANS -FOTOLAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda keçirilən konfrans işini mayın 22-də “Dini radikalizmlə mübarizə və maarifləndirmə” adlı panellə davam etdirib. SİA-nın verdiyi məlumata görə, məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Tovuz RİH başçısı Aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhruzər Rüstəmov açıb. O, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi dövlət-din münasibətlərindən danışıb. Bölgədəki dini durum barədə geniş məlumat verən B.Rüstəmov bildirib ki, dini radikalizmlə mübarizədə dini maarifləndirmə sahəsinə xüsusi diqqət ayrılmalı, gənclərin dini radikal qrupların təsirinə düşmələrinin qarşısını almaq üçün din onlara düzgün şəkildə çatdırılmalıdır.

DQİDK sədrinin müavini Gündüz İsmayılov dini radikalizm və ekstremizm haqqında məlumat verərək onlara qarşı mübarizə üsullarından danışıb. Bildirib ki, dini zəmində ayrı-seçkilik yaratmağa çalışan qüvvələrin əsas hədəfi yeniyetmə və gənclər olduğundan, bu kontingentlə sıx təmasda olan müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Gündüz İsmayılov dini radikalizmə qarşı mübarizədə ardıcıl, sistemli və intensiv maarifləndirmənin mühüm rol oynadığını vurğulayıb. Sədr müavini qeyd edib ki, bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi İslam dəyərlərinin təbliği mühüm rol oynayır.

O vurğulayıb ki, Azərbaycanda dini radikalizmin yayılmasına qarşı həyata keçirilən maarifləndirmə tədbirləri müsbət nəticəsini verməkdədir. Davamlı olaraq respublikanın bütün şəhər və rayonlarında milli-mənəvi və dini dəyərlərimizin, həmçinin ölkəmizin tolerantlıq və multikultural ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür.

Daha sonra Tovuz rayonu Təhsil şöbəsinin müdiri Validə Hüseynova çıxış edərək dini maarifləndirmənin gənc nəslin tərbiyəsində və yetişdirilməsində böyük önəm daşıdığından bəhs edib, keçirilən tədbirlərin gənclərin dini radikalizmə qarşı maariflənməsində önəminə diqqət çəkib.

Tədbirin sonunda DQİDK-nın sədr müavini Gündüz İsmayılov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...