"Fuad Abbasovun vəkili ilə müntəzəm əlaqə saxlayırıq" - ÖZƏL- AÇIQLAMA

"Fuad Abbasovun Rusiyanın hüquq -mühafizə orqanları tərəfindən saxlanılması faktı ilk saatlardan Rusiya Azərbaycanlıları İttifaqının diqqət mərkəzindədir. Onun müdafiəsi üçün yardıma hazır olduğumuzu bildirmişik. Fuad Abbasova vəkillik edən Elman Paşayevlə müntəzəm əlaqə saxlayırıq". Bu barədə SİA-ya Moskvada yeni yaradılan Rusiya Azərbaycanlıları İttifaqının (RİA) mətbuat xidmətinin rəhbəri Anar Həsənov bildirib.

O, əlavə edib ki, Fuad Abbasov Azərbaycan Respublikasının vətəndaşıdır və onun hüquqlarının müdafiəsi Azərbaycanın Rusiyadakı Səfirliyinin vəzifə səlahiyyətlərinə aiddir: "Ümid edirik ki, adıçəkilən müvafiq qurum soydaşımızın problemini diqqət mərkəzində saxlayır və onun həllində yaxından iştirak edir. Kadrlardan göründüyü kimi Fuad Abbasovun hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən qatı cinayətkar kimi saxlanması mənzərəsi də suallar yaratmış, etiraza səbəb olub. Ancaq soydaşımızın tutulma səbəbləri ilə bağlı Rusiya huquq-mühafizə orqanlarının açıqlaması olmadan qərəzli və çərçivəli fikirləri səsləndirməkdən hər birinizi daşınmağa səsləyirik. Yaranmış vəziyyətdə problemin kökünü bilmədən səsləndirilən və bölüşülən məsuliyyətsiz fikirlər, iğtişaş törətmə, habelə qanuna zidd toplaşma çağırışları münaqişəyə zəmin yaratmış olar".

Bütün xəbərlər Facebook səhifəmizdə