YAP Səbail rayon təşkilatında geniş tərkibdə iclas keçirilib

Mayın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının qərargahında rayon partiya təşkilatının qeydiyyatında olan bütün ərazi ilk partiya təşkilatlarının sədrləri ilə geniş tərkibdə iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən təşkilatın sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev ölkəmizin ictimai-siyasi həyatında gedən proseslər, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq prosesi, eləcə də YAP Səbail rayon təşkilatının qarşısında duran vəzifələr haqqında məlumat verib. Ş.Hacıyev Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyi arasında imzalanan “Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planı” haqqında məlumat verərək bildirib ki, YAP Səbail rayon təşkilatı bu layihənin kuratoru olaraq Fəaliyyət Planında nəzərdə tutulan istiqamətlər, xüsusən ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin, milli-mənəvi dəyərlərimizin təbliği, tarixi-mədəni abidələrimizin qorunması, habelə vətənpərvərlik ruhunda çoxsaylı tədbirlərin keçirilməsi ilə bağlı fəaliyyətini daha da genişləndirəcək.

Vurğulanıb ki, yaxın günlərdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar YAP Səbail Könüllülər Birliyin üzvlərinin, tələbələrin hazırladığı və ifa etdiyi “Ənəlhəqq” tamaşasının nümayişi nəzərdə tutulur. Tələbələr tərəfindən nəzmlə yazılmış “Ənəlhəqq” tamaşası Nəsiminin həyatı və yaradıcılığına həsr olunub.

İclasda qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə