UEFA Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

UEFA bütün Avropada futbol azarkeşlərinə Avropa Liqasının əfsanəvi kubokunu görmək imkanı yaradan Kubok turu təşkil edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Kubok turu Cenevrədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyarət edib və Azərbaycanın paytaxtı – Bakı şəhərində başa çatıb.

Kubok mayın 18-də Bakıya gələrək, növbəti gün qədim Gəncə şəhərinə yollanıb və nəhayət, dünən Cəbrayıl rayonunun 2016-cı ildə işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəlib.

Avropa Liqasının kubokunu yaxından görmək və onunla şəkil çəkdirmək istəyən kənd sakinləri və futbol azarkeşləri üçün “Qayıdış” parkında şəkil zonası, “Qarabağ” klubu və Azərbaycan millisinin üzvü Qara Qarayevlə avtoqraf sessiyası təşkil olunub.

Azyaşlı qonaqlar üçün face-art, animator və oyunlarla, futbol üzrə master-klass dərsləri ilə uşaq zonası təchiz edilmiş və digər əyləncələr təşkil edilib.

Bayram ab-havasının yaradılması üçün tədbirdə ölkədə tanınan DJ AKG iştirak edib.

Avropa Liqasının finalı oyunun mayın 29-da Bakı Olimpiya Stadionunda yerli vaxtla saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə