Azərbaycana qarşı başladılan qərəz kampaniyası uğursuz nəticələnəcək! FOTOLAR

BMM-də “Media müstəvisində siyasət” mövzusunda tədbir keçirilib

Bu gün BMM-də Media müstəvisində siyasət mövzusunda təbrik keçirilib. Tədbirdə ölkənin tanınmış media nümayəndələri, baş redaktorlar, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Bakıda İngiltərənin “Çelsi” və “Arsenal” futbol klublarının UEFA finalı çərçivəsində keçiriləcək oyunları ərəfəsində Britaniya XİN-nin vətəndaşlarına, eləcə də bu oyunu izləmək marağında olan digər xarici ölkə vətəndaşlarına qərəz xarakterli xəbərdarlıq etməsi heç bir məntiqə sığmayan bir haldır. “Brtitaniya mətbuatı, xüsusilə “The Guardian” və s. qəzetlər bu xəbərdarlığı dərhal ictimailəşdirərək, Azərbaycana qarşı qarayaxma kampaniyasına qoşuldular və bu bizlərdə çox təəssüf hissi doğurur”, deyə qeyd edən MŞ-nın sədri qeyd edib ki, iddialar arasında mehmanxanalarda, istirahət-əyləncə komplekslərində , iaşə obyektlərində guya problemlərin olacağı, qiymətlərin bahalığı barədə bildirilir, halbuki bütün bu iddiaların hər biri əsassız və qərəz xarakterlidir.

Ə.Amaşov əlavə edib ki, erməni əsilli Mxiotaryanın da Bakıya gəlişi ilə bağlı heç bir problem yoxdur və müvafiq dövlət qurumları onun üçün heç bir təhlükə olmayacağını bəyan ediblər. “Belə olan halda, bu cür qərəzli yanaşmalar, xüsusilə Britaniya mətbuatının belə məsələlərdə rol alması onların qeyri-ciddi yanaşma etmələrindən xəbər verrir”, MŞ-nın sədri bildirib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu isə öz çıxışında qeyd etdi ki, bu tədbirin keçirilməsi əhəmiyyətlidir. “Hətta bu tədbiri media savaşı da adlandırmaq olar”, deyə qeyd edən H.Babaoğlunun sözlərinə görə, Azərbaycanda keçirilən hər bir belə böyük tədbirlər ərəfəsində müəyyən qüvvələr öz çirkin kampaniyalarına start verirlər. Baş redaktoru, Britaniya XİN-nin və mediasının qərəzli münasibətindən sonra araşdırma apardığını deyib və bildirib ki, bu gün Londonla Bakını müqayisə edərsək, Britaniyanın paytaxtında müxtəlif cinayətlərin sayı Bakıdan 10 dəfə çoxdur. “Belə olan halda, nəyə görə Britaniyanın xarici işlər idarəsi və eyni zamanda mətbuatı həmin faktları araşdırmırlar və bunun əvəzinə Azərbaycana qarşı qeyri-ciddi kampaniyaya başlayırlar”, qeyd edən H.Babaoğlu əlavə edib ki, Ermənistan mənşəli futbolçu Henrix Mxitryanın guya Azərbaycana buraxılmayacağı, yaxud həyatına təhlükənin yarana biləcəyi ilə bağlı iddiaların səslənməsi heç bir məntiqə sığmır: “Azərbaycan dövlətinin müvafiq strukturları rəsmi bəyanat yayıblar ki, ingilis futbolçularının hər biri qorunacaqlar və onların həyatlarına heç bir təhlükə olmayacaq. Yaxşı olardı ki, Britaniya mətbuatı Londonda şiddət, ağır cinayət halları, dələduzluq faktları barədə ölçü götürsünlər və oraya səfər edən turistlərin təhlükəsizlikləri barədə ölçülər götürsünlər. Bir zamanlar ən çox cinayət törədilən şəhər Nyu-York idisə, artıq London bu şəhəri cinayət hallarına görə ötüb və birinci yerdə qərarlaşıb”.

Baş redaktor hesab edir ki, Bakıda akkreditə olunmuş Britaniya polisləri, eləcə də səfirliyin nümayəndələri anlamalıdırlar ki, əgər hər hansı bir arzuolunmaz hadisə baş verərsə, burada əsas məsuliyyəti onların özləri daşıyacaqlar”.

“Gündəlik Teleqraf”ın baş redaktoru Aynur Camalqızı, qeyd edib ki, Britaniya XİN-nin qərəzli xəbərdarlıq yaymaları, vətəndaşlarına müəyyən tövsiyələr vermələri arxasında böhtan və qərəz dayanıb. “Bakının gecələr qaranlıq olması və s. barədə iddiaları səsləndirən britaniyalılar gecələr Londonun küçələrində yarıqaranlıq yerlərin olduğunu xatırlamalıdırlar”, deyə çıxışlarda bildirilib və əlavə edilib ki, Azərbaycanda multikultural və tolerantlıq dəyərləri daim digər ölkələrə örnək olub və heç bir xarici turist burada ona qarşı biganəliyin olacağını iddia edə bilməz.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə öz növbəsində bildirib ki, Azərbaycanda, Bakıda yaşayan, çalışan Britaniya vətəndaşları yaxşı olardı ki, öz hökumətlərinə, müvafiq qurumlarına etirazlarını bildirsinlər. “Azərbaycanda BP və s. çoxsaylı Britaniya şirkətləri işləyir və uzun illərdir ki, buradadırlar. Burada olduqları müddətcə, onlara qarşı heç bir cinayət hadisələri, dələduzluq halları baş verməyib və istədikləri şəkildə əylənir, gecə barlarında, restoranlarda istirahət edirlər”, deyə qeyd edən baş redaktoru onu da bildirib ki, görünür, Britaniya XİN-i və ingilis mediası öz futbol azarkeşlərinin oyunlardan sonra nə qədər məsuliyyətsiz olduqlarını bildikləri üçün, bu vasitə ilə özlərini bəri başdan sığortalayırlar.

Çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, bu kimi hallar Azərbaycana qarşı birinci dəfə baş vermir və hər kəs bunu daha öncəki böyük idman turnirlərində, I Avropa Olimpiya oyunlarında və s. mühüm tədbirlərdə müşahidə edib. “Burada məqsədli şəkildə qərəz və böhtan kampaniyaları aparılır və bu kampaniyaların arxasında erməni lobbisi, anti-Azərbaycan dairələri dayanır”, deyən baş redaktor əlavə edib ki, bütün bunlar sistemləşdirilmiş şəkildə həyata keçirilir. “Belə hallara qarşı sağlam düşüncəli cəmiyyətimiz qətiyyətli mövqe sərgiləməlidir”, deyən V.Rəhimzadə bu cür qərəzlərin heç vaxt öz təsdiqini tapmayacağını vurğulayıb.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qeyd etdi ki, istər I Avropa Oyunları, istərsə də digər böyük tədbirlər keçirilməmişdən öncə Azərbaycana qarşı çıxış edən şantajı, qərəzli qüvvələr hər zaman canfəşanlıq göstəriblər, lakin onların cəhdləri daim uğursuzluqla nəticəsini tapıb. "Bu baxımdan bəlli siyasi dairələrin belə cəhdləri ona görə baş tutmur ki, ortada yalan və böhtanlar var. Azərbaycan dövləti və xalqı hər zaman belə münasibtlərə qarşı qəiyyətli mövqeyini sərgiləyərək, yalnız uğurlara imza atıb", deyə qeyd edən KİVDF-nin icraçı direktoru əlavə edib ki, hər bir media nümayəndəsi belə hallarda ayıqlığını və sayıqlığını qorumalı, təxribatçı, qərəzli halların qarşısını almağa hazır olmalıdır.

Mətbuat Şurasının idarə heyətinin üzvü Azər Həsrət, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev və sairləri də çıxışlarında vurğuladılar ki, Britaniya XİN-nin və bir sıra mətbuat səhifələrinin Bakıda ingilis klubları arasında baş tutacaq UEFA finalı öncəsi başlatdıqları qarayaxma kampaniyaları heç bir ciddiyyəti təşkil etmir və bu kimi uğursuz cəhdlər nəticəsiz qalacaq.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə