Zaqatala-Tbilisi magistralı üzərində yerləşən xristian abidəsi ilə bağlı yeni tapıntı aşkar edilib FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Balakən rayonunun Tülü kəndi ərazisindəki Qafqaz Albaniyası xristian abidəsində tədqiqat işləri aparan zaman abidədə mövcud olan üçüncü tikinti qatı aşkar edib.

İnstitutdan SİA-ya verilən məlumata görə, bu qatın dəqiq konturlarının müəyyən edilməsi istiqamətində aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, Tülü kilsəsi uzunluğu 15, eni 10,50 m olan daha qədim dini ictimai tikili üzərində inşa edilib.

Aşkar olunan bu tikili qatının kompleks olaraq tədqiqi üçün kilsənin qərb girişinin daxili araşdırılıb və dini ictimai binanın şimal divarının torpaq altında qalan hissəsi təmizlənib. Daha qədim dövrə aid dini ictimai binanın şərq divarının mövcudluğunun müəyyən edilməsi istiqamətində kilsənin altar hissəsinin cənub divarının bayır üzünə yoxlama qazıntısı qoyulub. Bu qazıntı nəticəsində şərq divarının kilsənin altarının alt hissəsində yerləşdiyi müəyyənləşib. Burada aparılan qazıntı işləri nəticəsində xristian dəfn adətinə uyğun 24 qəbir izləmək mümkün olub ki, bu qəbirlərin bəzilərində təkrar dəfn həyata keçirilib. Aşkarlanan qəbirlərin əksəriyyətinin uşaq, yeniyetmə və yetkin insanlara məxsus olması müəyyən edilib.

Arxeoloq Natiq Alışovun bildirdiyinə görə, aparılan arxeoloji tədqiqatlar nəticəsində abidə ərazisində ilk dəmir dövründən orta əsrlər kimi müxtəlif dövrlərə aid keramika nümunələrinə, kirəmit fraqmentlərinə, dəndaşı, şüşə qolbaq hissələrinə, pasta muncuq, tuncdan asma bəzək, ritual əşyalara və xristianlığın əsas simvolu sayılan xaç nümunəsi aşkar olunub. Bu dini ictimai binanın kompleks araşdırılması üçün gələcəkdə də arxeoloji tədqiqatın davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Zaqatala-Yevlax-Tbilisi magistralı üzərində yerləşən bu abidə güclü turizm potensialına malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...