"Sərhəd” hərbi-idman oyununun final mərhələsinin açılışı olub FOTOLAR

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Lənkəran sərhəd dəstəsində Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş “Sərhəd” hərbi-idman oyununun Respublika birinciliyinin final mərhələsinin təntənəli açılış mərasimi keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, mərasimdən öncə yarış iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzində Ulu Öndərin nəsillərə nümunə həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanış olublar.

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən müasir standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsi qürur hissi ilə vurğulanıb.

Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planı əsasında hər il ənənəvi olaraq keçirilən “Sərhəd” hərbi-idman oyunlarının gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında, mənəvi və fiziki cəhətdən saglam gənclərimizin yetişdirilməsində, onlarda Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasında və sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynadığı xüsusi olaraq vurğulanıb.

Üç mərhələdə keçirilən "Sərhəd" hərbi-idman oyununlarında bu il respublikamızın 36 rayonunun 207 məktəbindən 1035 şagird qatılmışdır. İlk iki mərhələnin yekunlarına görə 10 komanda Naxçıvan şəhərinin 9 №-li tam orta məktəbinin, Astara şəhərinin 2 №-li tam orta məktəbinin, Mingəçevir şəhərinin İ.Qayibov adına 10 №-li tam orta məktəbinin, Siyəzən şəhərinin 1 №-li tam orta məktəbinin, Beyləqan rayonunun Arza qəsəbəsinin F.Miriyev adına tam orta məktəbinin, Cəlilabad rayonunun Ləkin kəndinin tam orta məktəbinin, Xaçmaz rayonunun Gödəkli kəndinin tam orta məktəbinin, Oğuz rayonunun Muxas kəndinin tam orta məktəbinin, Zaqatala rayonunun Muğanlı kəndinin tam orta məktəbinin, Şəmkir rayonu Çaparlı kəndinin tam orta məktəbinin komandaları finala vəsiqə qazanıblar.

“Sərhəd” hərbi-idman oyununun final mərhələsində komandalar "Sərhəd pozucusunun yaxalanması və onun təxliyyə edilməsi", "Ləpirçilik", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baxışın keçirilməsi", "Maskalanma", "Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təxliyə oluinması", "Avtomatın sökülməsi və yığılması", "Tüfəngdən hədəfə atəş açmaq" və "Sıra hazırlığı" üzrə öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olacaq, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil olunacaq, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışlarına keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə