Azərbaycanın müsəlman ölkələri ilə əməkdaşlığı yeni mərhələdə

"Biz islam həmrəyliyinin gücləndirilməsinə çox böyük əhəmiyyət veririk və bu istiqamətdə əməli addımlar atılır"

Yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim edilən Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Bu gün Azərbaycan, sözün əsl mənasında, multikulturalizm mərkəzinə çevrilmiş məkandır. Dövlət-xalq birliyinə əsaslanan müdrik siyasət sayəsində Azərbaycan yeni zəfərlər qazanır və qlobal təşəbbüslərin mərkəzinə çevrilir. Qətiyyətlə deyə bilərik ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin və etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu inkişaf yolundadır. Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə də olan münasibəti əməli fəaliyyətdə aydın görünür.

Müstəqil Azərbaycan bir çox beynəlxalq təşkilatlarla yanaşı, İslam Əməkdaşlıq Təşkilatının da fəal üzvüdür. Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin iyulunda Səudiyyə Ərəbistanına səfəri, səfər əsnasında Müqəddəs Kəbədə Ümrə ziyarəti və müxtəlif görüşlər İslam Konfransı Təşkilatı ilə əməkdaşlığın gələcək inkişafına zəmin yaratdı. 1994-cü ilin noyabrında Ulu Öndər Heydər Əliyevin təşkilatın Baş katibi ilə Bakıdakı görüşü, həmin ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilən 7-ci zirvə toplantısında iştirakı Azərbaycanın təşkilat daxilində mövqeyini xeyli möhkəmlətdi. Bunun nəticəsində, İKT zirvə görüşləri tarixində, ilk dəfə Kasablankada "Ermənistan-Azərbaycan münaqişəsi haqqında" siyasi qətnamə qəbul edildi.

İslam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti, ardıcıl olaraq, siyasət yürüdür. Azərbaycanı islam ölkələri ilə təkcə milli-mənəvi dəyərlər deyil, beynəlxalq siyasi arenada birgə fəaliyyətə də ciddi şəkildə bağlayır. Bu məsələdə Azərbaycanın siyasi aləmdə qazandığı imic və tutduğu mövqe xüsusi rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbulu zamanı, çıxışında bildirdiyi kimi, müsəlman ölkələri ilə bizim çox sıx əməkdaşlığımız var: "Siyasi sahədə fəal dialoq aparılır. Əlbəttə, çox istərdik ki, iqtisadi sahədə daha da fəal əməkdaşlıq olsun. Ticarət dövriyyəsinin artırılması, qarşılıqlı sərmayə qoyuluşu, digər sahələrdə birgə fəaliyyətimiz xalqlarımız üçün çox böyük əhəmiyyət kəsb edə bilər. Müsəlman ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərimdə bu məsələlər daim gündəlikdədir".

"ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ İLƏ BAĞLI MÜSƏLMAN ÖLKƏLƏRİNİN DƏSTƏYİ BİZİM ÜÇÜN ÇOX ƏHƏMİYYƏTLİDİR"

Xatırladaq ki, İƏT Ermənistanla Azərbaycan arasında torpaqlarımızın 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul edib. Belə ki, İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində, işğal olunmuş Azərbaycan torpaqlarında islam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul edilib. İƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işini hər zaman dəstəkləyib və bu, təşkilat üçün prioritet olaraq qalır. Belə ki, bu məsələ hər zaman təşkilat tərəfindən istər qətnamələrdə, istər sammit çərçivəsində, istərsə də xarici işlər nazirlərinin qətnamələrində yer alır. "Biz beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə qarşılıqlı dəstək göstəririk" deyən Cənab Prezident bu qarşılıqlı dəstəyin bizim əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürü olduğunu bildirib: "Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Bildiyiniz kimi, Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu uzun illərdir, işğal altında saxlayır. Bu münaqişə və etnik təmizləmə siyasəti nəticəsində, 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür".

AZƏRBAYCAN SÜLH VƏ HƏMRƏYLİYİ TƏBLİĞ EDİR

Bu gün Azərbaycan dünyada islam mədəniyyətinin təbliği işində çox fəal və uğurlu rol oynayır. Dünyanın müxtəlif ölkələrində islam mədəniyyətinin təqdimatı ilə bağlı bir çox tədbirlər keçirilib. Sərgilər, mədəni proqramlar, təqdimatlar və konfranslar keçirilir. İslam dünyaya sülh, mərhəmət və dostluq dini kimi təqdim olunur. Azərbaycan Prezidenti İlham Əliyevin məlum sərəncamları ilə ölkəmizdə 2016-cı ilin "Multikulturalizm İli", 2017-ci ilin isə "İslam Həmrəyliyi İli" elan edilməsi bəşəri dəyərlərə olan ali münasbətin daha bir təzahürü kimi qiymətləndirildi. "İslam Həmrəyliyi İli" çərçivəsində İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi, 54 müsəlman ölkəsinin Azərbaycanda bir araya gəlməsi islam dünyasında böyük təntənə kimi qəbul olundu. "Biz islam həmrəyliyinin gücləndirilməsinə çox böyük əhəmiyyət veririk və bu istiqamətdə əməli addımlar atılır" deyən dövlət başçısı Azərbaycanda keçirilmiş çoxsaylı tədbirlərin islam həmrəyliyinin möhkəmlənməsinə xidmət göstərdiyini də diqqətə çatdırıb.

Bakıda keçirilən bütün beynəlxalq tədbirlər kimi, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da xalqlar və mədəniyyətlərarası dialoqun inkişafı baxımından, əhəmiyyəti yüksək qiymətləndirilir. Dünyanın müxtəlif yerlərində, müxtəlif zəmində toqquşmaların baş verdiyi zamanda, Azərbaycan sülh və həmrəyliyi təbliğ edir. Bakı forumu çərçivəsində dostluq, sülh, tərəfdaşlıq və mədəni müxtəliflik məsələlərinə öz töhfəsini bir daha vermiş oldu. Keçirilən bu və ya digər tədbirlər vasitəsi ilə Azərbaycan mədəniyyətlərarası dialoq kontekstində körpü rolunu oynayır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə