Dünya ölkələrinin liderlərindən İlham Əliyevə TƏBRİK

28 May - Respublika Günü münasibətilə dünya ölkələrinin liderlərindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir. SİA həmin məktublardan bir qismini təqdim edir:

Koreya Respublikasının Prezidenti Mun Ce-indən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Ölkələrimiz uzun illər boyu müxtəlif sahələrdə əməkdaşlıq edərək dostluq münasibətlərini davamlı olaraq inkişaf etdirmişlər. Ümidvaram ki, ölkələrimiz arasında qarşılıqlı faydalı və gələcəyə yönəlmiş sıx əməkdaşlıq münasibətlərini daha da dərinləşdirəcək və gücləndirəcəyik. Əminəm ki, bu proses xalqlarımız arasında mövcud dostluğun daha da dərinləşməsinə böyük töhfə verəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar, Azərbaycan Respublikasına isə davamlı rifah arzu edirəm.

***

İsveçin Kralı XVI Karl Qustavdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm.

***

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri möhtərəm Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizi və ölkənizin qardaş xalqını ürəkdən təbrik etmək, Sizə ən xoş və səmimi arzularımı bildirmək mənə böyük məmnuniyyət bəxş edir.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın sosial-siyasi həyatında reallaşdırılan əsaslı islahatları, ölkənizin iqtisadi potensialının və nüfuzunun artırılması işində qazanılan sanballı uğurları məmnuniyyətlə müşahidə edirik.

Əminəm ki, bizim birgə səylərimiz sayəsində Özbəkistan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq, ənənəvi dostluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq əlaqələri bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı inkişaf arzu edirəm.

***

Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqrovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, həmçinin Avstraliya Hökuməti və xalqı adından ən xoş arzularımı çatdırıram.

Şadam ki, bu il xalqlarımız arasında əlaqələr genişlənib və ölkələrimizin ticarət imkanları barədə məlumat mübadilələrimiz daha da artıb. Parlamentlərimiz arasındakı ikitərəfli mükəmməl əlaqələr demokratiya ilə bağlı bizim birgə öhdəliyimizin təzahürüdür. Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.

Əminəm ki, ölkələrimiz arasında mövcud dostluq münasibətləri növbəti ildə də uğurla inkişaf edəcəkdir.

***

Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qanidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

28 May – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqına Əfqanıstan xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Mart ayında Sizinlə Qlobal Bakı Forumu çərçivəsində görüşməkdən, Azərbaycan Respublikası ilə Əfqanıstan İslam Respublikası arasında münasibətlərin müxtəlif sahələrinə dair müzakirələr aparmaq imkanı əldə etməkdən çox məmnun oldum. Bu gün əlaqələrimizin daha da inkişaf etməsini görməkdən də çox məmnunam.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin və əməkdaşlığın genişlənməsi arzumu ifadə etməklə yanaşı, inanıram ki, Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə daha böyük inkişafa nail olacaqdır.

Zati-aliləri, Sizə cansağlığı, müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram.

***

Hindistan Respublikasının Prezidenti Ram Nat Kovinddən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Respublika Günü münasibətilə Sizə, Azərbaycan dövlətinə və xalqına Hindistan Hökuməti və xalqı adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırıram.

Hindistan ilə Azərbaycan arasında tarixi əlaqələrə və müxtəlif sahələrdə əməkdaşlığa əsaslanan dostluq münasibətlərinin davamlı olaraq inkişaf etdiyini vurğulamaqdan məmnunluq duyuram. Əminəm ki, ikitərəfli əlaqələrimiz gələcək illərdə daha da möhkəmlənəcək və müxtəlif sahələrə yönələcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzulayıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə