Naxçıvanda duz istehsalı və ticarəti tarixinə dair məruzə dinlənilib

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, iclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq rəhbərlik etdiyi qurumun “Xəbərlər” və “Axtarışlar” jurnallarının redaksiya heyətində dəyişiklik edilməsi ilə bağlı iştirakçılara məlumat verib. O, hər iki jurnalın redaksiya heyətinə tanınmış xarici ölkə alimlərinin cəlb edilməsinin zəruriliyini vurğulanıb, həmçinin dizayn və nömrə formatlarının dəyişdirilməsi ilə bağlı təkliflərini irəli sürüb.

İsmayıl Hacıyev həmçinin akademiyanın elmi jurnallarının keyfiyyətinin artırılması məsələsinin AMEA Rəyasət Heyəti tərəfindən diqqətdə saxlanıldığını bildirib. Qeyd edib ki, bu istiqamətdə “AMEA-da nəşr olunan jurnallar haqqında”, “AMEA-nın elmi jurnallarının monitorinqi və nəşriyyat fəaliyyətinin təkminləşdirilməsi haqqında” və “AMEA-da elmi jurnalların nəşrinin təkmilləşdirilməsi haqqında” sərəncam və qərarlar qəbul olunub.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimovun “XIX-XX əsrin əvvəllərində Naxçıvanda duz istehsalı və ticarəti tarixindən (Rus mənbələri əsasında)” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, Naxçıvanda duz çıxarılması qədim dövrdən mövcud olub və 1870-ci ildə şəhərdən tapılan daş balta və külünglər də bunu təsdiq edir.

Yaşar Rəhimov istehsal edilən duzun Naxçıvanın bütün kəndlərinə, o cümlədən Gəncəyə, Qarabağa, Şuşaya və digər başqa yerlərə ixrac olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Naxçıvan daş duz yataqları XIX əsrin əvvəllərində diyarda olan rus tədqiqatçıları, səyyahları və sənayeçilərin diqqətini özünə cəlb edib. Alim rus müəllifləri K.Nikitinin 1882-ci ildə dərc olunan “Naxçıvan şəhəri və Naxçıvan qəzası” adlı məqaləsinin 137-142-ci səhifələrinin duz yataqlarının yerləşdiyi ərazi, onun çıxarılma texnologiyası, miqdarı, qiyməti və satışı məsələlərinə həsr edildiyini və 1833-cü ildə Vasili Qriqoryev tərəfindən tərtib edilən “Naxçıvan əyalətinin statistik təsviri” kitabında XIX əsrin I yarısında Naxçıvandan Azərbaycanın bir sıra yerlərinə qatırla yük aparıldığı barədə

məlumatların yer aldığını deyib. O, Naxçıvan duzunun özünəməxsus tamını və şöhrətini göstərən müəllif Vasili Qriqoryevin “Bu duz keyfiyyətinə görə bütün Zaqafqaziyada məşhurdur. Qarabağdan, Yelizavetpol dairəsindən, Şərurdan və Naxçıvanın bütün kəndlərindən bura karvanlar gəlir. Aprel ayından oktyabr ayınadək duz istehsalının əhatə dairəsi daha da genişlənir” fikirlərini iştirakçıların diqqətə çatdırıb.

Bundan əlavə, 1857-1866-cı illərində Duzdağda 2.6 milyon pud ölçü vahidində duzun hasil edildiyini söyləyib.

Məruzə dinlənildikdən sonra geniş müzakirə olunub, suallar cavablandırılıb.

Sonda bir sıra cari məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə