Masallı – Cənub bölgəsinin ən perspektivli mərkəzi MEDİATUR

Respublikamızın Cənub bölgəsinin mühüm aqrar, turizm və s. potensialları olan Masallı rayonuna səfərimiz rayonun İcra Hakimiyyətinin dəvəti ilə təşkil olunmuş mediatur vasitəsi ilə baş tutdu. Əsrarəngiz təbiət gözəlliyinə, bölgə insanlarının Cənub hərarətinə xas qonaqpərvərliyinə isə heyran qalmamaq olmur. Ümumiyyətlə, çoxsaylı özünəməxsusluqları ilə seçilən Masallı rayonu sözün bütün mənalarında insanlara xoş ovqat bəxş edən gözəl bölgələrimizdən biridir.

Bakıdan Masallıya yeni və ən müasir standartlara malik avtomobil yolu vasitəsi ilə səfərə çıxdıq və çox qısa zamanda, rahat, komfort şəkildə ünvanımıza yetişdik. İlk dayanacağımız yer Masalı rayon İcra Hakimiyyətinin binasının qarşısı oldu.

Bizi səmimi və doğmalıq hissi ilə qarşılayan Masallı rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsir Muxtarlı konfrans otağının hazır olduğunu və icra başçısı Rafil Hüseynovla görüşəcəyimizi, rayonda aparılan işlər və perspektivdə dayanan prioritet planlar ətrafında məlumatlandırılacağımızı bildirdi.

Hər birimizlə səmimi salamlaşan Rafil Hüseynov çay süfrəsi arxasında jurnalistləri maraqlandıran sualları cavablandırdı. Masallı rayonunun bir sıra yüksək potensiallara malik olduğunu deyən Rafil müəllim, ilk növbədə turizmin inkişafı istiqamətində qarşıda əhəmiyyətli məsələlərin olduğunu dedi.

“Bildiyimiz kimi, Masallı rayonu bir sıra əhəmiyyətli sahələrlə yanaşı, həm də turizmin inkişafı üçün çox münbit bölgələrimizdəndir”, deyən İH-nin başçısı əlavə etdi ki, bu gün ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan işlər vüsət şəklini alıb və bu baxımdan, sözügedən sektor üçün bütün imkanlar mövcuddur: “Prezident İlham Əliyevin Masallıya etdiyi səfəri zamanı Onun turizm və s. sektorları əhatə edən sahələr, eləcə də sahibkarlığın inkişafı ilə bağlı irəli sürdüyü fikirləri mühüm əhəmiyyət kəsb edir. Bu gün yol infrastrukturundan başlayaraq digər sahələrdə inkişaf proseslərinin aparılması yüksək templə həyata keçirilir. Çünki bayaq da qeyd edildiyi kimi, Masallı rayonunun turizm sahəsi üzrə geniş imkanları vardır və biz digər istiqamətlərlə yanaşı, bu istiqaməti də prioritet olaraq götürmüşük”.

Rafil Hüseynov Masallıda mövcud olan termal sular barədə də geniş məlumatlar verərək, onların müalicəvi, suvarma və s. sahələrə nə qədər səmərə verməsi barədə fikirlərini çatdırdı. O, həmçinin Masallı rayonunun Türkiyənin Afyon şəhərinin Sandıklı bölgəsi ilə qardaşlaşdığını xatırlatdı və bildirdi ki, həmin bölgədə də termal sular mövcuddur və türk qardaşlarımız bu sulardan kifayət qədər səmərəli qaydada istifadə etməkdədirlər: “Bu sular yalnız müalicəvi əhəmiyyət daşımır, həmin sulardan kənd təsərrüfatı, şəhər təsərrüfatında da işlədilir. Masallıda da bu istiqamətdə işlərin həyata keçirilməsi planlaşdırılır. Artıq biz, Bynəxlaq Termal Sular Assosiasiyasına üzv olmaq üçün müraciətimizi göndərmişik”.

“Rayonumuzda turizm və s. sahələrlə bağlı yerli və xarici iş adamları da maraqlanır, sahibkarlıq fəaliyyəti aparmaq üçün müxtəlif layihələrini təqdim edirlər”, deyən Rafil Hüseynov həmçinin bildirib ki, Masallının “İstisu” kompleksi beynəlxalq turizmin inkişafına da kifayət qədər imkanlar yaradır: “Masallının əlverişli təbiəti və digər imkanları buraya ildə 80 min turistin gəlməsi mümkünlüyünü proqnozlaşdırır. Əlbəttə ki, bütün bunlar yaxın gələcəkdə rayon əhalisinin sosial həyatlarının daha da yaxşılaşdırılmasına geniş şərait, münbit imkanlar verəcək. O cümlədən, bu imkanlar yeni iş yerlərinin açılması, müxtəlif infrastrukturların yaradılması üçün də əlverişli mühit yaradır. Təkcə Masallıda həyata keçiriləcək bu kimi planlar ətraf rayonlara da böyük perspektivlər vəd edir”.

İcra başçısı rayonda ekoturizmin də inkişaf etdirilməsinin diqqət mərkəzində olduğunu diqqətə çatdıraraq, jurnalistləri maraqlandıran sualları cavablandırdı.

Rövşən NURƏDDİNOĞLU

P.S. Masalıda təşkil edilən mediaturdan da şahidi olduq ki, rayonda fəaliyyət göstərən çoxsaylı istirahət-əyləncə kompleksləri, otel və restoran fəaliyyəti, habelə digər sahələr sürətli inkişaf yolunu tutub və bu reallıq əslində yaxın zamanlarda beynəlxalq müstəvidə və ən yüksək standartlar şəklində öz təsdiqini tapmaqdadır.

Bu arada, Masallı rayonunun İcra başçısı Rafil Hüseynov başda olmaqla, onun müavini Nəsir Muxtarlıya mediatur çərçivəsində biz jurnalistlərə göstərdikləri diqqətə, səmimiyyətlərinə görə dərin təşəkürümüzü bildiririk!

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...