Sahibkar problemin həllinə görə ETSN-ə minnətdarlıq etdi AÇIQLAMA-ÖZƏL

Quba rayonunun Buduq kənd sakini, sahibkar İldırım Məmmədov heyvandarlıqla məşğul olan şəxslərin canavarla bağlı probleminin həllinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə öz minnətdarlığını bildirib. Bu barədə SİA-ya açıqlama verən sahibkar deyib ki, nazirliyə edilən müraciətdən sonra bu istiqamətdə operativ şəkildə çox mühüm tədbirlər görülür: “Artıq vətəndaşlar üçün real təhlükə olan ərazilərdə müdafiə tədbirləri həyata keçirilib. Nazirlikdən bildirilib ki, əgər canavar təhlükə yaradırsa, o zaman onun öldürülməsinə görə kiməsə cəza verilməyəcək”.

İ.Məmmədov vurğulayıb ki, problemin həllinə qədər heyvandarlıqla məşğul olan şəxslərdə canavara qarşı ikrah hissi yaranmışdı: “Çünki canavarlar onların mal-qarasını yesə də, onlar baş verənlərin qarşılığında tədbir görə bilmirdilər. Bu baxımdan mən bu məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çağırış etdim və problemin həlli istiqamətində addımların atılmasına ehtiyac olduğunu bildirdim. Atılan addımlardan təkcə mən deyil, bütün sahibkarlar yararlanacaq. Bu, həm sahibkarlar arasında narazılıqların qarşısının alınmasına, həm də heyvandarlığın inkişafına öz təsirini göstərəcək. Nazirlik tərəfindən atılan operativ addımlara təkcə mən deyil, minlərlə sahibkar minnətdarlıq edir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə