Azərbaycanın ünvanlı sosial yardım elektron sistemi xüsusi mükafatla təltif edilib FOTO

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa regionu üzrə “Yaxşı Təcrübə” müsabiqəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımı üzrə elektron sistemi münsiflər heyətinin yekdil rəyi ilə uğurlu təcrübələrdən biri kimi seçilib.

Nazirlikdən SİA-ya verilən məlumata görə, BSTA-nın Bakı şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində müsabiqənin nəticələri elan olunmaqla, Azərbaycanın elektron sosial yardım sistemi Təşkilatın “Yaxşı Təcrübə” xüsusi mükafatı ilə təltif edilib.

Vətəndaşlar təmsil etdikləri ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüquqlarına baxılması üçün internet əlaqəsi olan istənilən yerdən müraciət edə bilirlər. Bu zaman vətəndaşların e-sistemə daxil etdikləri məlumatların təhlili, qərar qəbul edilməsi prosesi e-sistem vasitəsilə avtomatik şəraitdə yerinə yetirilir. Bu da sosial yardım sistemində şəffaflığın artırılmasına, ünvanlılığın və operativliyin təmin olunmasına imkan verir.

Xatırladaq ki, müsabiqədə 20 ölkədən 76 sosial layihə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...