Astarada“9 May-faşizm üzərində qələbə günü” qeyd olundu

Astara rayonunda 1941-1945-ci illər faşizm üzərində qələbənin 74-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. SİA-nın məlumatına görə,rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatı Rəşad Mahmudov, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri şəhərin mərkəzindəki “Qəhrəmanlar bağı”nda Sovet İttifaqı Qəhrəmanları Ziya Bünaydovun, Mirzə Cəbiyevin, İlya Kaverinin, Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun, üç “Şöhrət” ordenli Rəhmət Hətəmovun, Ağahəsən Nəhmətovun büstləri qarşısına və Şəhidlər kompleksində əklil və gül dəstələri qoyublar.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə veteranları təbrik etmiş, onlara ən xoş arzularını bildirib. Qeyd etmişdir ki, bəşəriyyətə böyük fəlakətlər gətirən bu müharibədə minlərlə azərbaycanlı da iştirak etmiş, bir qismi həlak olmuş, digərləri isə qələbədən sonra Vətənə qayıdaraq sıramızda olmuşlar. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Böyük Vətən Müharibəsi veteranlarına diqqət və qayğının artırıldığını, onların mədəni-məişət və sosial problemlərinin həlli ilə əlaqədar konkret tədbirlər görüldüyünü diqqətə çatdırıb. Heydər Əliyevin siyasətini layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev hər il müvafiq sərəncamları ilə Böyük Vətən Müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin edir, onları daim diqqətdə saxlayır.

Rayonun müharibə iştirakçıları və veteranları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə