Bakı Forumunun hədəfi mədəniyyətlərarası və dinlərarası dialoqu dəstəkləməkdir BMT

Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi saytı bu gün Bakıda işə başlayan “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr edilmiş məqalə yerləşdirib. SİA xəbər verir ki, məqalədə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinosun sözlərindən sitat gətirilir. O, Bakı Forumunun vaxtında, məqamında keçirildiyini hesab edir. Bakıya Şri-Lankadan gələn M.Moratinos dərhal forumun açılışından əvvəl mətbuat konfransı keçirib.

Şri-Lankanın bir neçə kilsə və otelində eyni vaxtda baş verən terror aktı nəticəsində həlak olanların xatirəsini anmaq məqsədilə Kolomboya gedən Moratinos deyib: “Şri-Lanka daim insanlara açıq ölkə olub, burada müxtəlif dinlər və mədəniyyətlər mövcud olub və qəflətən orada belə faciə baş verib. Bu faciə sülh şəraitində yaşamağa can atan ölkə üçün böyük zərbə idi”.

Alyansın Ali nümayəndəsi qeyd edib ki, ədavət təzahürləri daim mövcud olub, lakin bu gün “ədavətə qayıdış” prosesi baş verir. Onun sözlərinə görə, ədavət hissi insanlarda öz opponentlərini parçalamaq və məhv etmək cəhdləri əmələ gətirir. Bu gün, bu çətin və qeyri-müəyyən dövrümüzdə mədəniyyətlərarası dialoqun dəqiq strategiyasını yaratmaq xüsusilə zəruridir.

Migel Angel Moratinos mövcud problemlərin hərbi, maliyyə və siyasi vasitələrlə həll edilməsi barədə təsəvvürləri bayağılıq adlandırıb. Onun fikrincə, belə hallarda sosial-mədəni yanaşma tətbiq etmək və bu problemin kökünü axtarmaq lazımdır. Moratinos deyib: “Biz qonşularımızın dünyagörüşünün necə olmasını, belə vəziyyətə gətirib çıxaran, bu və ya digər problemlərin necə yaranmasını və nə ilə sona yetəcəyini başa düşməyincə, hansısa uzunmüddətli həll yollarını tapmaq çətin olacaq”.

O, Roma Papası Fransisk ilə Ali imam Əl-Acar arasındakı “baş vermiş qarşıdurmaları adlayaraq, qardaşlıq, qarşılıqlı anlaşma və gələcəyi qurmaq istəyi”nin elan edildiyi birgə tarixi bəyannaməni misal çəkib. “Burada təkcə islam və katolik kilsəsindən söhbət getmir. Onlar daha irəli getmək və dinlərarası dialoqun inkişafı üçün digər məzhəblərin onlara qoşulmalarını təklif edirlər”, - deyə Ali nümayəndə bildirib.

Moratinos hesab edir ki, BMT-nin dəstəyi ilə keçirilən Bakı Forumu bu prosesə əhəmiyyətli töhfə verəcək: “Forum beynəlxalq ictimaiyyətə mühüm siqnal göndərəcək: biz birlikdə yaşaya bilərik, biz bir-birimizə hörmətlə yanaşa bilərik, biz müxtəlif mədəniyyətləri və dinləri anlamağı öyrənməliyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə