Bakı aeroportu “Sky Travel Awards” versiyası üzrə ən yaxşı hava limanı seçilib FOTO

Rusiyanın paytaxtı Moskvada IV Beynəlxalq SKYSERVICE 2019 Forumu çərçivəsində nüfuzlu “Sky Travel Awards 2019” mükafatının təqdimetmə mərasimi keçirilib.

Bu barədə SİA-ya "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.

Məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanı səyahətçi-bloqerlərin versiyası üzrə10 milyondan az sərnişin axını ilə ən yaxşı aeroport seçilib.

Bloqerlər bir neçə ay ərzində 10 aeroport, 6 biznes zal və 30 aeroport otellərini xidmət və komfort səviyyəsinə görə qiymətləndiriblər.

Bu il ekspert-bloqerlər İliya Voskresenski (@elivosk), Anton Sokolov (@tonych_inc) və Anastasiya Fedotova (@nastyaafed) olub.

Bloqerlərin hər biri 10 şəhəri ziyarət edib: Moskva, Sankt-Peterburq, Soçi, Yekaterinburq (Rusiya), Bakı (Azərbaycan), Nur-Sultan (əvvəlki Astana, Qazaxıstan), Tbilisi (Gürcüstan), Sofiya (Bolqarıstan), Buxarest (Rumıniya) və Vyana (Avstriya).

Bloqerlər təkcə komfort və xidmət səviyyəsini deyil, heç bir mükafatın qiymətləndirmədiyi digər aspektləri: əməkdaşların təbəssümü, oturacaqların rahatlığı, yemək seçiminin olması və s. qiymətləndiriblər.

Bu, Heydər Əliyev Beynəlxalq Hava Limanının bu il ərzindəki artıq ikinci mükafatıdır. Mart ayında paytaxt Bakının hava limanı Britaniya konsaltinq şirkəti “Skytrax”ın versiyası üzrə MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı aeroport seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə