YAP Samux rayon təşkilatının gənclər birliyinin III konfransı keçirilib FOTOLAR

Bu gün YAP Samux rayon təşkilatının gənclər birliyinin III konfransı keçirilib. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül-çiçək dəstələri düzüblər.

Dövlət himni səsələndikdən sonra konfransı giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də, idman həyatında gənclərin uğurlarından, YAP Gənclər Birliyinin yaranma tarixindən və onun nailiyyətlərindən danışıb.

YAP Samux rayon təşkilatının gənclər birliyinin sədri Arif Ağayev hesabat məruzəsi ilə çıxış edərək ötən konfransdan bəri görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Daha sonra məruzə ətrafında çıxış edən gənc partiya fəallarından Nuridə Həsənova, Ülviyyə Salmanova və Rasim İmamquliyev ölkədə həyata keçirilən gənclər siyasətindən və Ulu Öndər Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Azərbaycan xalqının, Azərbaycan gənclərinin sevimlisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.

Tədbirdə Milli Məclisin deputatı Naqif Həmzəyev çıxış edərək qeyd edib ki, gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar".

Konfransda YAP Samux rayon təşkilatının gənclər birliyinin 9 nəfərdən ibarət şura üzvləri, 5 nəfərdən ibarət idarə heyətinin üzvləri seçilib. Konfrans iştirakçıları səsvermə yolu ilə Qurban Həsənovu YAP Samux rayon təşkilatının gənclər birliyinin sədri və Rəşid Şabanovu isə sədr müavini seçiblər. Həmçinin, yeni sədr və müavin həm də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin konfransına nümayəndə seçiliblər.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə