Şəhid anası hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salındı

Ulu öndər Heydər Əliyevin imzaladığı ilk prezident fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş (ölümündən sonra) tibb xidməti baş leytenantı şəhid Gültəkin Əsgərovanın anası pedaqoji elmlər namizədi, “Şəhid anaları” Xeyriyyə Cəmiyyətinin sədri Rəfiqə Əsgərova bu gün hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salınıb.

Vida mərasiminə Müdafiə Nazirliyinin rəsmiləri, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, Nərimanov Rayon İcra Hakimiyyətinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri qatılıblar. Mərasimdə əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin başsağlığını mərhumun ailəsinə çatdırıb.

Tədbirdə şəhid Milli Qəhrəmanın anası Rəfiqə xanımın ömrünün sonunadək ölkədə vətənpərvərlik işinin təşkilində fəal iştirak etdiyindən, dəfələrlə cəbhə bölgəsində olduğundan, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhunun yüksəldilməsi naminə apardığı məqsədyönlü işlərdən söhbət açılıb. Qeyd olunub ki, Rəfiqə xanım həmişə deyərdi: “ Oğlum, qardaşım olmasa da, bir qızım vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalsa da Azərbaycan əsgəri kimi yüzlərlə, minlərlə igid oğul tapmışam və onların da çiyinlərində bu dünyadan köçəcəyəm”.

Millət vəkili Adil Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Gültəkin Əsgərovanın döyüş yoldaşı tibb xidməti polkovniki Xudu Xuduyev və başqaları çıxış edərək qəhrəman övladı kimi şəhid anasının da unudulmayacağını qeyd ediblər. Rəfiqə xanımın himayəsində böyüyən nəvəsi şəhid qızı Əminə bu ağrılı, üzüntülü gündə onların kədərinə şərik olanlara, eləcə də nənəsinin arzusunu yerinə yetirərək onu hərbi qulluqçuların çiyinlərində son mənzilə yola salınmasını təşkil edən Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib.

Şəhid Milli Qəhrəman Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova Yasamal qəbiristanlığında dəfn olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə