Övladlığagötürmə sahəsində idarəetmə təkmilləşdirilir

Prezident İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq işlər davam etdirilir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, nazirlikdəki işçi qrupu tərəfindən mütərəqqi dünya təcrübəsi də nəzərə alınmaqla hazırlanmaqda olan yeni idarəetmə modelində prioritetlərdən biri-övladlığa götürülən uşaqların maraq və mənafelərinin, gələcək layiqli həyat şəraitinin təminatıdır.

Bu əsasda uşaqları övladlığa götürmək istəyən valideyn-namizədlərin mənzil şəraiti və gəlirləri ilə bağlı tələblər də yeni modeldə əksini tapacaq. Eyni zamanda, uşaqların övladlığagötürmə prosesində razılıq və fikirlərinin nəzərə alınması, valideyn-namizədlə onun övladlığa götürmək istədiyi uşaqla yaş fərqinə dair daha təkmil yanaşmanın tətbiqi, uşağın valideyn-namizədin evində sınaq müddətinə yerləşdirilməsi və s. nəzərdə tutulur.

Xatırladaq ki, “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi Qaydaları”nın layihəsi artıq hazırlanıb və layihə üzərində təkmilləşdirmə işləri aparılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə