Ağsuda zəlzələnin fəsadları aradan qaldırılır

Ağsu rayonunda fevralın 5-6-da baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Zəlzələdən sonra Prezident İlham Əliyevin rayona səfəri, vəziyyətlə yerindəcə tanış olması, sakinlərlə görüşü və əlaqədar qurumlara verdiyi konkret tapşırıqlar artıq öz nəticəsini göstərir. Rayon icra hakimiyyətindən SİA-ya verilən son məlumatda bildirilir ki, hazırda rayonda 28-i Ağsu şəhərində, 19-u isə kəndlərdə olmaqla, 47 ev tikilir. 37 evdə söküntü işləri başa çatdırılıb.

İndiyədək zəlzələdən zərər çəkmiş evlərlə bağlı 2473 müraciət daxil olub, 2343 müraciətə baxılıb. 350 qəzalı ev müəyyən olunub. Habelə, 417 evdə bərpa-gücləndirmə, 1517 evdə isə təmir işlərinin aparılması qərara alınıb.

Hazırda müraciətlərə görə evlərə baxış davam etdirilir. Sakinlər zəlzələnin onlara vurduğu zərərin nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlərə, Prezident İlham Əliyevin bununla bağlı diqqət və qayğısına görə dövlətimizin başçısına minnətdarlıq edirlər. Ağsu şəhər sakini Həcər Zamanova AZƏRTAC-ın müxbirinə deyib: “Şəhid anasıyam. Oğlum Adil Zamanov 1993-cü ildə erməni quldurlarına qarşı döyüşdə şəhid olub. Fevralda baş verən zəlzələ evimi yararsız vəziyyətə saldı. Köməksiz vəziyyətdə idim, nə edəcəyimi bilmirdim. Lakin dövlətimizin, Prezidentimizin bizə kömək olacağına inanırdım. Belə də oldu. İlham Əliyev rayonumuza gəldi, bizimlə görüşdü, təsəlli verərək tezliklə təbii fəlakətin nəticələrinin aradan qaldırılacağını söylədi”.

Prezidentin tapşırığı və ayırdığı vəsaitlə Həcər nənənin ailəsi üçün də təzə ev tikilir. Buna görə dövlətimizin başçısına minnətdarlıq edən şəhid anası deyir ki, 4 otaqlı yeni evin inşası artıq başa çatmaq üzrədir. Tezliklə evə köçəcəkləri günü gözləyir. “Allah Prezidentimizin canını sağ eləsin! Bizi darda qoymadı. Çox böyük iş gördü, mənim kimi zəlzələdən zərər çəkən yüzlərlə ailəni sevindirdi. Buna görə dövlətimizin başçısına minnətdaram”.

Bütün xəbərlər Facebook səhifəmizdə