ETSN-in saytının yenilənmiş versiyasının təqdimatı keçirilib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytının yenilənmiş versiyasının təqdimatı keçirilib. SİA xəbər verir ki, təqdimat mərasimində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev saytın yenilənməsində əsas məqsədin ictimaiyyətlə daha sıx əlaqələr yaratmaq olduğunu deyib: “Saytın yenilənməsi üçün tender elan etdik. Tenderin qalibi “Nova” şirkəti oldu. Saytın müasir dövrlə ayaqlaşması, ictimaiyyətə daha açıq olması, bütün sferaları əhatə etməsi kimi tələblər irəli sürdük. İstəyirik ki, vətəndaşlar öz təklif və şikayətlərini nazirliyə daha asan şəkildə çatdıra bilsinlər”.

Nazirliyin nümayəndəsi Vüqar Kərimov saytın demo versiyasının istifadəyə veriləcəyini deyib. O, tezliklə saytın əsas versiyasının da fəaliyyətə başlayacağını qeyd edib. V.Kərimov saytın daha da təkmilləşdirilməsi üçün ictimaiyyət nümayəndələrinin, maraqlı tərəflərin təkliflərinin nəzərə alınacağını da diqqətə çatdırıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru Osman Gündüz saytın yeni versiyasında vətəndaşlar üçün də imkanlar olduğunu və inteqrasiyanın mümkünlüyünü vurğulayıb.

“Nova” şirkətinin nümayəndələri nazirliyin yeni veb-saytını təqdim ediblər. Bildirilib ki, sayt hazırlanarkən 41 ölkənin ekologiya və təbii sərvətlər sahəsində fəaliyyət göstərən 50-yə yaxın səlahiyyətli dövlət qurumunun saytı ətraflı şəkildə tədqiq edilib. Sayta “Instagram” bloqu, elektron poçt abunəlik sistemi, eko-radar funksiyası əlavə edilib. Vətəndaşlar çəkdiyi foto və videoları nazirliyin saytında yerləşdirə biləcək. Elektron poçtları daxil edərək abunə olmaq və nazirliyin xəbərlərini əldə etmək mümkün olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə