Sahibə Qafarova Şəmkirdə seçicilərlə görüşüb FOTOLAR

Milli Məclisin deputatı Sahibə Qafarova təmsil etdiyi Şəmkir rayonunda seçicilərlə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, görüşlərdə millət vəkili əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib, ölkəmizdə aparılan uğurlu sosial siyasət nəticəsində əhalinin güzəranının, rifah halının yaxşılaşdığını, Azərbaycanın iqtisadi imkanlarının artdıqca sosial sferada da çox mühüm əhəmiyyətə malik qərarlar qəbul olunduğunu vurğulayıb. O, eyni zamanda, Şəmkir rayonunda görülən işlərin də sakinlərin daha yaxşı yaşamasına xidmət etdiyini bildirib. Millət vəkili seçicilər tərəfindən qaldırılan məsələlərə münasibət bildirərək onları narahat edən suallara aydınlıq gətirib.

Rayonun təhsil ictimaiyyətinin nümayəndələri ilə Cahangir Rüstəmov adına orta məktəb, Əhməd Cavad adına orta məktəb və Nizami Gəncəvi adına orta məktəbdə keçirilən görüşlərdə isə Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlər, təhsil sistemində və tədris prosesindəki yeniliklər, Şəmkir rayonunda təhsilin inkişafı, gənc nəslin düzgün əsaslarda və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərlə bağlı müzakirələr aparılıb. Görüşlərdə fərdi məsələlərin bir çoxu öz həllini tapıb, Milli Məclisin deputatı təklif və fikirləri dinləyib, qaldırılan məsələlərlə bağlı müvafiq qurumlara müraciət edəcəyini bildirib.

Daha sonra Sahibə Qafarova Mingəçevir şəhərində keçirilmiş "Şahin" hərbi-idman oyunlarının zona birinciliyində qalib olmuş Şəmkir rayon Sabirkənd kənd tam orta məktəbin komandası ilə görüşdə də iştirak edib. Milli Məclisin deputatı görüşdə çıxış edərək gəncləri qələbə münasibəti ilə təbrik edib, hərbi-idman oyunlarının mütəmadi olaraq keçirilməsinin yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, ordu sıralarına hazırlanmasında və gənclərin vətənə sədaqət, müstəqil dövlətçilik ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasında əhəmiyyətindən danışıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə