İxtisar olunan və qısaldılan sözlərin yazılış qaydaları müəyyənləşib

Nazirlər Kabinetinin təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normalarına əsasən, ixtisar olunan və qısaldılan sözlərin yazılış qaydaları müəyyənləşib. SİA-nın məlumatına görə, tam ixtisarlar və qısaltmalar aid olduqları sözlərə uyğun olaraq, böyük hərflə yazılır: Azərbaycan Respublikası - AR, Birləşmiş Millətlər Təşkilatı - BMT, Milli Məclis - MM və s.;

Eyni zamanda tam ixtisarlar ümumi isimlərə aid olduqda kiçik hərflə yazılır: metr - m, cild - c, və sairə - və s., və başqaları - və b.;

Yarımçıq ixtisarlar da aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akademik – akad., doktor – dok., dosent - dos., professor – prof., Azərbaycan Nəşriyyatı - Azərnəşr və s.

Yeni qaydalara əsasən, ixtisarlara əlavə edilən şəkilçilər son səsin tələffüzünə uyğun olaraq ya­zılır: AMEA-dan, MDB-nin, UNESKO-nun, İSESKO-da, BDU-ya və s.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə