Daxili işlər naziri sıra baxışı keçirib

Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında və Sumqayıt Şəhər və Abşeron Rayon Polis idarələrində vakant sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, aidiyyəti baş idarə, idarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə ayrı-ayrılıqda maraqlanıb. Ümumilikdə 433 iddiaçının arasından daha hazırlıqlı olan 372 nəfər seçilib. Onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.

Tədbirdə çıxış edən nazir daxili işlər orqanlarında xidmətə qəbulun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında keçirildiyini vurğulayıb. Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının vətəndaşların intellektual səviyyəsindən, xüsusən yüksək texnologiyalara, innovasiyalara yiyələnmiş, mükəmməl təhsil almış savadlı, milli-mənəvi dəyərlərin daşıyıcısı olan vətənpərvər, dövlətçiliyə sadiq, müstəqilliyimizi, milli maraqlarımızı hər şeydən uca tutan gənclərdən asılı olduğunu dəfələrlə vurğuladıqlarını məmnunluqla xatırladan nazir R.Usubov belə yüksək mənəvi, işgüzar keyfiyyətlərə malik kadrların dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları, o cümlədən daxili işlər orqanlarında xidmətdə irəli çəkilmələri üçün daim mühüm addımların atıldığını diqqətə çatdırıb. O, hazırkı seçimlərin də bu sahədə uzun müddət həyata keçirilən məqsədyönlü dövlət siyasətinin növbəti bariz nümunəsi olduğunu bildirib.

General-polkovnik Ramil Usubov bu gün ölkəmizdə cinayətkarlığa qarşı uğurla davam etdirilən qətiyyətli mübarizə, sabitliyin, əmin-amanlığın təmini, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması siyasətinin hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının da üzərinə böyük məsuliyyət qoyduğunu, hər bir əməkdaşın öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməsinin əhəmiyyətini qeyd edib.

Daxili işlər naziri vətəndaşlara xidmətin şərəfli vəzifə olduğunu, son illər ölkədə müşahidə edilən dinamik inkişafın təməlində xalq-iqtidar birliyinin, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasətinin, ictimai-siyasi sabitliyin dayandığını, bu istiqamətdə qazanılmış müsbət nəticələrin xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xatırladıb.

Nazir xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərəfli polis adını uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini, təcrübələrini daim artırmalarını, öz üzərilərində səylə çalışmalarını, idmanla sıx məşğul olmalarını, müasir dövrün tələblərinə və çağırışlarına cavab vermələrini, informasiya texnologiyalarının ən son nailiyyətlərini praktikada fəal şəkildə tətbiq etmələrini, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə