Azərbaycanın Ankaradakı səfirliyində ziyalı qadınlarla görüş olub

Azərbaycanın Ankaradakı səfirliyində Türkiyənin bir qrup ziyalı və ictimai proseslərdə fəal qadınları ilə görüş olub. SİA xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirinin həyat yoldaşı Zümrüd İbrahim görüşün məqsədindən danışıb. Diqqətə çatdırıb ki, qadınlar hər zaman cəmiyyətimizin fəal təbəqəsi olublar. Azərbaycan dövlətinin qadınlara diqqət və qayğı ilə yanaşdığını deyən Z.İbrahim bildirib ki, ölkəmizdə milli və dini mənsubiyyətindən asılı olmayaraq, hər zaman bütün qadınlara ehtiramla yanaşılıb.

Professor Aygün Əttar çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə geniş yer ayırıb.

Qadın və Gənclər Dərnəyinin sədri Rüveyda Akbay belə bir görüşün təşkilinə gərə Azərbaycan səfirliyinə minnətdarlığını bildirib, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında qadınların böyük gücə malik olduqlarını vurğulayıb.

Çıxışlarda türkiyəli qadınların Azərbaycanla bağlı bütün məsələlərdə daha fəal olmaları üçün çağırışlar edilib.

Görüş çərçivəsində TANAP-ın sərmayə proqramı barədə təqdimat olub. Proqramın müdiri Gizem Kunt bu beynəlxalq layihə ilə bağlı müfəssəl məlumat verib.

Bədii hissədə Ankara Dövlət Balet Teatrının pianoçusu Nailə Əhmədova royalda möhtəşəm ifası ilə görüşdəki ovqatı daha da yüksəldib.

Bütün xəbərlər Facebook səhifəmizdə