Astaranın dağlıq Asxanakəran kəndinin problemləri həll olunur

Astara rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali növbəti görüşü ucqar dağ kəndlərindən olan Asxanakəranda olub. SİA-nın məlumatına görə, görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.

İcra başçısı görüş iştirakçılarını salamlayaraq bildirib ki, Asxanakəran və qonşu kəndlərdə vaxtaşırı görüşlərimiz artıq ənənə halını alıb. Bu gün növbəti dəfə sizinlə görüşərək problemlərlə yerində tanış olub, həllinə köməklik etmək məqsədilə gəlmişik.

Kənd sakinlərindən Osmanağa Rüstəmov, Nurməmməd Teymurov, Şirməmməd Fərəcov, Rəşid Şahbazov, Qulamhüseyn Qulamov, Azad Rüstəmov və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin son aylarda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərdən razılıqlarını bildiriblər.

Sakinlər görülən işlərlə yanaşı kənddəki çay üzərində körpünün qoyulması, kənd sahə xəstəxanası üçün yeni binanın tikintisi, odun yanacağının tədarükünə icazənin verilməsi, Əzərüd kənd yolunun asfaltlaşdırılması, Taxtanakəran-Toradi yolunda çökən hissələrin təmiri, kənd cavanlarının özünüməşğulluq layihəsinə qoşulmasına köməklik göstərilməsi və s. barədə təkliflər də veriblər.

İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcəyini diqqətə çatdırıb.

Sakinlərin kənddən keçən çay üzərindəki körpünün yenisi ilə əvəz edilməsi təklifinə münasibət bildirərək Motlayataqdakı istifadəsiz körpünün icra nümayəndəsi, bələdiyyə və əhalinin köməyi ilə sökülərək materiallarından istifadə edilməsini tövsiyə etmiş, bu işdə lazımi köməklik göstəriləcəyini bildirib. Qeyd edib ki, nümayəndəlik çətin relyefə malik dağlıq ərazidə yerləşdiyindən, təbii ki, problemlər də olur. Ancaq cənab Prezidentin Sərəncamları ilə ayrılan vəsait hesabına son illər təkcə Asxanakəranda deyil, Hamoşam və Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində də misli görünməmiş işlər görülüb. Bunlardan ən əsası bu dağ kəndlərinə mövcud olduqları tarixi ərzində ilk dəfə olaraq yüksək səviyyəli asfalt yolların çəkilməsidir. Yol çəkilişindən sonra sakinlərə sanki yeni həyat bəxş edilib. Əvvəllər saatlarla qət edilən yolu indi rayon mərkəzinə qədər bir saata təhlükəsiz və rahatlıqla getmək olur. Bundan başqa bütün məktəblər - Asxanakəran, Motlayataq, Əzərüd və Amboba məktəbləri üçün ən müasir tipli tədris binaları tikilərək istifadəyə verilib. Bir neçə gün əvvəl cənab Prezidentin rayonun ucqar kəndləri olan Doli, Diqo, Sekəşan kəndlərinə elektrik xəttinin çəkilməsi ilə əlaqədar imzaladığı Sərəncamı isə minlərlə vətəndaşımızın illərdən bəri mövcud olan böyük bir probleminin həllinə son qoyulması deməkdir. Bu diqqət və qayğıya görə bütün astaralılar adından möhtərəm cənab Prezidentə minnətdarlığımızı bildiririk.

İllərlə əhalinin əziyyət çəkdiyi elektrik xətləri yenidən qurulubdur. Hazırda Motlayataq kəndində həkim məntəqsinin inşasına başlanıb. Asxanakəran kənd sahə xəstəxanası üçün də yeni binanın tikintisini planlaşdırırıq. Yaxın zamanlarda bu problem də həllini tapacaqdır.

İcra başçısı Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasətin qısa müddətdə müsbət nəticələr verdiyini qeyd edərək, son aylar cənab Prezident İlham Əliyev tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı qəbul edilən qərarlar, imzalanan çoxsaylı sərəncamlardan bəhs edib. Minimum əmək haqları, bütün növ müavinətlər, pensiyalar, müharibə veteranları, əlilləri, şəhid ailələrinə verilən təqaüdlərin miqdarı əhəmiyyətli dərəcədə artırılıb.

İcra başçısı Qəzənfər Ağayev Asxanakəran kənd tam orta məktəbdə tədrislə maraqlanıb, məktəb kollektivi ilə səmimi söhbət edərək tövsiyələrini verib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə