Deputatlar 49 saylı "İntellekt" məktəb-liseyində oldular

Bu gün Yeni Azərbaycan Partiyasının təşəbbüsü və YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə Milli Məclisin deputatları Şəmsəddin Hacıyev, Aydın Mirzəzadə və Hikmət Babaoğlu Səbail rayonunun ən qədim məktəblərindən biri olan 49 nömrəli "İntellekt" məktəb-liseyin qonağı oldular.

Deputatlar sinif otaqlarını gəzərək, dərs prosesi ilə tanış oldular, ibtidai, orta və yuxarı sinif şagirdləri ilə fikir mübadiləsi apardılar, məktəbdə ümumi tədris mühiti, müəllim-şagird münasibətləri və mənəvi-psixoloji vəziyyətlə maraqlandılar, məktəbdə psixoloji dəstək xidmətinin səviyyəsi və təşkil metodları ilə bağlı şagirdlərin fikirlərini öyrəndilər və müvafiq tövsiyələrini bildirdilər. İbtidai sinif şagirdlərinin millət vəkillərini böyük ruh yüksəkliyi ilə qarşılamaları, Azərbaycan Respublikası, milli ədəbiyyatımız, tariximiz və mədəniyyətimiz haqqında verilən suallara yüksək vətənpərvərlik ruhunda dolğun cavablar vermələri qonaqlarda məmnunluq hissi yaratdı.

Orta və yuxarı sinif şagirdləri ilə görüşdə məktəbdə dərs prosesinin təşkili, mövcud müəllim-şagird-valideyn münasibətləri, təhsil sahəsində həyata keçirilən islahatlar, şagirdlərin bu yeniliklərə münasibəti müzakirə olundu. Məktəblilər qonaqların ümumi dünyagörüşü ilə bağlı suallarına qənaətbəxş cavab verməklə yanaşı, məktəbdə ümumi tədris, təhsil və mənəvi-psixoloji mühitlə bağlı razılıqlarını bildirdilər.

Millət vəkilləri məktəbin direktor müavinləri, psixoloqu və bir qrup müəllimləri ilə görüşdülər, şagirdlərlə aparılan psixoloji təlimin səviyyəsi, məktəblilərin ümumi mənəvi-psixoloji vəziyyəti, şagirdlərə göstərilən psixoloji dəstəyin forma və metodları, valideynlərlə görülən işlər və s. ilə maraqlandılar.

Qonaqlar məktəbdə keçirilən görüşün nəticəsi olaraq, yaradılan tədris şəraitindən, şagirdlərin hazırlıq səviyyəsindən, eləcə də, müəllim-şagird münasibətlərindən məmnunluq ifadə etdilər və məktəbdən xoş təəssüratlarla ayrıldılar.

RƏFİQƏ

Bütün xəbərlər Facebook səhifəmizdə