Vahid Əliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi SƏRƏNCAM

Prezident İlham Əliyev Vahid Əliyevin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasında hərbi sahədə səmərəli fəaliyyətinə görə Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Vahid Əli oğlu Əliyev 19 aprel 1969-cu ildə Bakı şəhərində anadan olub. 1983-1986-cı illərdə C.Naxçıvanski adına hərbi liseydə təhsil alıb, daha sonra Andropov adına Leninqrad Ali Hərbi-Siyasi Akademiyasını və Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1990-1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Xüsusi təyinatlı kəşfiyyat alayında xidmət edib, 1991-1996-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi idarədə Əməliyyat müvəkkili, şöbə rəisi, 1996-cı ilin mart ayından noyabr ayınadək Naxçıvan Muxtar Respublikasında Xüsusi İdarənin rəisi, 1996-1997-ci illərdə Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik nazirinin müavini, 1997-2002-ci illərdə isə Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik naziri vəziflərində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə